FRANSALI JURNALİSTLƏR MİLLİ MƏCLİSDƏ -

FRANSALI JURNALİSTLƏR MİLLİ MƏCLİSDƏ

Oktyabrın 7-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan fransalı jurnalistlər Klod Leblank və Emmanuel Dupuy ilə görüşdü.
Vitse-spiker qonaqları salamlayaraq, Azərbaycan-Fransa münasibətləri barədə söhbət açdı. Bildirildi ki, iki ölkə arasında iqtisadi, diplomatik, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanda Fransa mədəniyyətinə böyük maraq var. Dövlət və hökumət rəsmiləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri arasında sıx əlaqələr mövcuddur. Diqqətə çatdırıldı ki, ölkəmiz açıq cəmiyyət siyasəti həyata keçirir. Biz bütün dünyaya açığıq və Avropanın da bizə qapılarını açmasında maraqlıyıq. Bahar Muradova münasibətlərin inkişafında medianın rolunu yüksək dəyərləndirdi. Milli Məclisdə KİV nümayəndələri üçün yaradılmış şəraitdən danışdı, mətbuatın vəzifəsinin obyektiv, qərəzsiz, bitərəf məlumat yaymaqdan ibarət olduğunu dedi.
Sədr müavini qanunverici orqanın işindən söz açaraq, bildirdi ki, Milli Məclisdə dünyanın 81 ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları var. O, Azərbaycan-Fransa dostluq qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyini söylədi. Onun iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsinə göstərdiyi xidmətlərin əhəmiyyətindən danışdı. Qeyd edildi ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mədəniyyəti, tarixi keçmişi və bu günü barədə geniş məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Sonra Bahar Muradova rəhbərlik etdiyi İnsan hüquqları komitəsinin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, komitənin tərkibində həm iqtidar, həm müxalifət, eyni zamanda, mətbuat sahəsində fəaliyyət göstərmiş millət vəkilləri təmsil olunurlar. Qeyd edildi ki, parlamentdə vətəndaşların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Vitse-spiker Milli Məclisdə insan hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra vacib qanunların qəbul olunduğunu, bəzi sənədlərin isə təkmilləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edildiyini söylədi.
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmiz problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini istəyirik. Münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların durumu barədə danışan Bahar Muradova diqqətə çatdırdı ki, dövlətimiz tərəfindən bu insanlar üçün digər ölkələrə nümunə olacaq müxtəlif proqramlar hazırlanıb həyata keçirilir. Lakin onların öz doğma yurdlarında yaşamaq hüququ təmin edilməlidir.
Görüşdə fransalı jurnalistlər səmimi görüşə və geniş məlumata görə minnətdarlıqlarını ifadə etdilər, onları maraqlandıran bir sıra məsələlərlə bağlı suallarını Milli Məclis Sədrinin müavininə ünvanladılar. Onların sualları ətraflı cavablandırıldı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !