Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti -

Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti

06.10.2016-cı il tarixində “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti”nə həsr edilmiş mətbuat konfransı təşkil olunub. Tədbirdə bildirilib ki, qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən güclü amildir. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla körpə orqanizminin tələblərini ödəməlidir. Bu baxımdan ana südü körpələr üçün ən ideal qidadır.

Dünya ölkələrində, o cümlədən respublikamızda UNİCEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Belə tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlüklərini, döşlə əmizdirmənin vacibliyini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq, habelə döşlə əmizdirmədə ananın məsuliyyətini artırmaqdır. Belə ki, hər bir ana bilməlidir ki, dünyaya göz açan körpənin əmizdirmək onun müqəddəs borcudur. Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrində o cümlədən respublikamızda döşlə əmizdirmənin səviyyəsi arzu olunan deyil. Statistik məlumatlara əsasən, Azərbaycanda 1992-ci ildə 1 yaşa qədər 25%-ə qədər ana öz körpəsinə süd verib. Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırılmaq, bütövlüklə döşlə əmizdirmənin mühafizəsi, təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50%-ə qədər yüksəlmişdir. Əlbəttə, bu hələ də arzu olunan hədd deyildir. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, xüsusən pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün, bütövlükdə, ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir.

Hər bir ananın südü öz körpəsi üçün adekvatdır, spesifikdir. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb. Ana südü laktasiya prosesində bir neçə mərhələ keçir: ilk süd; keçid süd; yetişmiş süd.
Ana südünün tərkibi laktasiyanın müxtəlif dövrlərində dəyişir. Doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, tərkibində çoxlu miqdarda İgA, az miqdarda yağ və karbohidrat olan ilk süd (molozivo) istehsal edir. Südün tam tərkibi 2-3-cü həftədə formalaşır.

Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Ona görə də hər bir ana döş ilə əmizdirməyin nə üçün vacib olduğunu, ana südünün hansı üstünlüklərə malik olduğunu bilməlidir. Eyni zamanda analar ana südü ilə süni qatışıqlar arasındakı fərqi və süni qidalanmanın təhlükələri ilə də məlumatlandırılmalıdırlar. Hər bir ana çalışmalıdır ki, ana südü ilə əmizdirməni mümkün qədər davam etdirsin. Döşlə əmizdirmə körpə doğulduqdan sonra ilk yarım saat ilə bir saat arasında yerinə yetirilməlidir.
Körpənin qidalanma rejimini onun ozü təyin edir. Bu sərbəst rejim adlanır və sutka ərzində bir qayda olaraq 6-8 dəfədən 12 dəfəyədək dəyişə bilər. Körpəni gecə 1-2 dəfə döşə qoymaq olar. Uşaq böyüdükcə qidalanmaların sayı azalır.

Ana südü ilə qidalanan körpənin ilk 6 ay ərzində heç bir başqa qidaya və ya mayeyə ehtiyacı yoxdur. 6 aylıqdan başlayaraq uşağa əlavə qidalar verilməyə başlanır. Ana südü ilə qidalandırma uşağın 2 yaşına qədər və daha artıq davam etdirilir. Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin istifadə edilməsi yolverilməzdir.
Müəyyən edilmişdir ki, ana südü erkən ontogenez mərhələlərində körpənin metabolik xüsusiyyətlərinə uyğundur. Körpənin ümumi inkişafına, onun harmonik böyüməsinə, immunoloji müqavimətinə, davranma və psixi reaksiyaların inkişafına müsbət təsir göstərir. Uşaqların gələcəkdə daha yüksək intelektual inkişafına zəmin yaradır.

Döş ilə əmizdirmənin ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Ana ilə körpə arasındakı mehribanlıq, doğmalıq, yaxınlıq gələcəkdə uşağın sosial davranışını, psixi inkişafını müəyyən edir. Belə uşaqlar sakit təbiətli, xeyirxah, mehriban və ünsiyyətli olurlar.
Döşlə əmizdirmə həmçinin ananın öz sağlamlığına da müsbət təsir göstərir:
- Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır;
- Süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur;
- I altı ay ərzində növbəti hamiləlik riskini azaldır;
- Osteoporozun qarşısını alır.

Ana südü ilə qidalanmanın problemlərinin yaranmasının əsas səbəbləri aşağıdakılardır:
- Obyektiv səbəblər 1-2% hipoqalaktiya;
- Subyektiv səbəblər 98-99% ana südünün çatmamazlığı.

Beləliklə, dövlət, səhiyyə işçiləri və ictimaiyyətin bütün nümayəndələrinin birgə, müştərək, məqsədyönlü, pozitiv fəaliyyəti sayəsində Respublikamızda döşlə əmizdirmənin miqyasını maksimum arzuolunan həddə 90-95%-ə çatdırmaq mümkündür. Çünki, ana südü ilə qidalanmanı hər hansı bir ailənin öz körpəsinə olan qayğısı kimi qiymətləndirmək düzgün deyil, əslində, bu, bütün cəmiyyətin qayğısıdır. Məqsəd uşaqlarımızın sağlam genofondunu yetişdirməkdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !