MİLLİ MƏCLİSDƏ GÖRÜŞ -

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ilə görüşmüşdür.
Sədr qonağı salamlayaraq ümidvar olduğunu bildirdi ki, bu səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəkdir. Qeyd edildi ki, Azərbaycanla İran arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.
İran Orta Şərqdə mühüm rol oynayan ölkələrdən biridir. Xalqlarımız arasında mövcud olan tarixi, mədəni, milli bağlılıq iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır. Bu baxımdan biz bu ənənələri gələcəkdə də davam etdirmək niyyətindəyik.
Azərbaycan, İran və Rusiya prezidentlərinin bu yaxınlarda Bakıda keçirilən görüşü zamanı əldə edilmiş razılığa əsasən Cənub-Şimal nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün əməli addımlar atılmaqdadır. Bu istiqamətdə artıq Astara çayı üzərində körpü salınmışdır. Yol infrastrukturunu müasir standartlar səviyyəsinə qaldırmaq üçün işlər görülür.
Spiker parlamentlərin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığına diqqət çəkərək, Milli Məclisdə İranla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini söylədi. Qeyd edildi ki, müxtəlif beynəlxalq tədbirlərdə deputatlarımız tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparırlar.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu bir daha vurğuladı. Qeyd edildi ki, cəbhə xəttindəki aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan gec-tez, hansı yolla olursa-olsun öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Ancaq biz problemin sülh yolu ilə beynəlxalq birliyin dəstəyi ilə ədalətli həllinə ümidimizi hələ itirməmişik.
Spiker iqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün yaxşı imkanlar olduğuna diqqət çəkərək bildirdi ki, bu sahədə fəallığın artırılması ümumi məqsədlərə xidmət edir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirdi ki, bu görüşlərdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün hər iki tərəf öz niyyətini ifadə etmişdir.
İranın daxili işlər naziri əlaqələrimizin inkişafında parlamentlərin mühüm rol oynadığını qeyd etdi. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini müsbət dəyərləndirdi. İqtisadi sahədə münasibətləri genişləndirmək üçün müəssisələrarası əlaqələrin qurulması barədə öz fikirlərini açıqladı.
Qonaq regiondakı ictimai-siyasi proseslərə toxunaraq, bu gün bölgədə təhlükəsizliyin ən ümdə məsələ olduğunu xüsusi vurğuladı və belə bir fikir söylədi ki, bütün bu təlatümlərə baxmayaraq, tezliklə bölgədə əmin-amanlıq bərpa olunacaqdır. Çünki bunu regionda yaşayan xalqların mənafeyi tələb edir.
Qəbulda tərəfləri maraqlandıran məsələlər barədə dialoq aparıldı.
Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digər rəsmi şəxslər iştirak edirdilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !