AZƏRBAYCAN-LATVİYA ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR - FOTO

AZƏRBAYCAN-LATVİYA ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR FOTO

Oktyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr qonaqları səmimi salamlayaraq bildirdi ki, yüksək statuslu rəsmilərin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verməkdədir. Bu mənada əminik ki, Latviya Seymi sədrinin Azərbaycana ilk səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəkdir.
Sədr dövlət başçılarının qarşılıqlı səfərlərini və aparılan danışıqların əhəmiyyətini vurğulayaraq, bu günədək ölkələrimiz arasında 34 sənəd imzalandığını və 8 sənəd üzərində iş davam etdiyini dedi. Bildirildi ki, günbəgün güclənən siyasi əlaqələrimiz iqtisadi sahədə də fəallığın artırılmasını tələb edir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır. İndi biz TANAP və TAP layihələrinin reallaşması üçün əməli addımlar atırıq. Bu Cənub Qaz layihəsinin həyata keçməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişəcəkdir. Ölkəmizdə həm də nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində iş aparılır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi ilə Çindən Böyük Britaniyayadək yükləri daşımaq mümkün olacaqdır. Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da fəal iştirak edir.
Sədr münasibətlərimizin dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. Qeyd edildi ki, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Milli Məclisin 17 nəfər deputatı təmsil olunmuşdur.
Biz Avropa Parlamentində Azərbaycanı dəstəklədiyinə görə latviyalı deputatlara öz minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirik ki, aparılan gərgin işin və danışıqların nəticəsində Avropa Parlamenti ilə Milli Məclis arasındakı anlaşılmazlıq aradan qaldırılmış, Parlament Əməkdaşlıq Komitəsi və Avronest PA çərçivəsində münasibətlərimizin bərpası üçün əməli addımlar atılmışdır.
Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan Sədr bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha vurğuladı. Qeyd edildi ki, Avropa İttifaqının 14 ölkəsi və ABŞ-ın 22 ştatı Xocalı soyqırımı ilə əlaqədar müvafiq qərarlar qəbul etmişdir. Biz ötən ilin fevralında Latviya Seyminin 53 deputatının Xocalı soyqırımı ilə bağlı imzaladığı bəyanatı Azərbaycan xalqı ilə həmrəylik kimi dəyərləndiririk. Ümidvarıq ki, gələcəkdə Latviya Parlamentinin bu haqda ayrıca qərarı olacaqdır.
Sədr Latviya Spikerinin ölkəmizə səfərinin uğurlu olacağına inamını bildirərək, qonağa uğurlar arzuladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Azərbaycanda olmağından və deputatlar üçün gözəl şərait yaradılmış Milli Məclisdə görüş keçirməkdən məmnunluq duyduğunu, səfərin ilk günündən xalqımızın qonaqpərvərliyini hiss etdiyini dilə gətirdi. O, qeyd etdi ki, elə ilk gündən azərbaycanlı həmkarları ilə parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmışdır. Latviya parlamentindəki Azərbaycanla dostluq qrupunda 28 deputat təmsil olunmuşdur ki, bu da Azərbaycana olan marağın bariz göstəricisidir.
Siyasi sahədə mühüm nailiyyətlər əldə etdiyimizi vurğulayan qonaq iqtisadi münasibətlərimizi dərinləşdirmək üçün yaxşı imkanlar olduğunu söylədi. Bildirildi ki, onun ölkəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirir.
Qonaq ölkəsindəki Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirərək, bunun Latviya mədəniyyətini daha da zənginləşdirdiyini qeyd etdi. Bildirildi ki, Azərbaycanda olduğu kimi, Latviyada da multikultural dəyərlərə böyük önəm verilir. Bu gün 200-dək azərbaycanlı tələbələr Latviyanın müxtəlif təhsil ocaqlarında elmi biliklərə yiyələnirlər.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, biznes forumların keçirilməsi, turizm və tibb sahəsində əməkdaşlığın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Bayramov, Latviya parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Hosams Abu Meri, ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov, Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !