AZƏRBAYCAN-FRANSA DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR -

AZƏRBAYCAN-FRANSA DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

Sentyabrın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları salamlayaraq V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş fransalı deputatlara Forumun işində uğurlar arzuladı. Sədr qeyd etdi ki, biz fransalı dostlarımızı Bakıda görməkdən hər zaman şadıq. Son vaxtlar belə görüşlərin sayı daha da artmışdır. Bir neçə gün bundan öncə Azərbaycanda mühüm siyasi tədbir – Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum keçirildi. Ümumxalq səsverməsində müşahidəçi kimi iştirak edən Fransa nümayəndə heyəti səsvermə prosesini yüksək dəyərləndirərək, bu siyasi hadisəyə obyektiv qiymət vermişdir.
Qeyd edildi ki, yüksək səviyyədə olan siyasi münasibətlərimiz həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Ümidvaram ki, səfər çərçivəsində keçirdiyiniz görüşlər qanunverici orqanlarımız arasında da ikitərəfli əməkdaşlığın daha da inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
Son illər Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə mövcud sabitliyin və təhlükəsizliyin, eləcə də iqtisadi inkişafın göstəricisidir. Dünyanın əksər hissələrində xaos, vətəndaş müharibələri getdiyi bir halda, bu gün Azərbaycanda müşahidə olunan bu təhlükəsizliyin qarantı, əlbəttə ki, Prezident İlham Əliyevdir. Heç də təsadüfi deyildir ki, sentyabrın 26-da keçirilmiş referendumda xalq öz Prezidentinə inamını bir daha təsdiqlədi.
Söhbətdə iqtisadi münasibətlərimizin inkişafından söz açan Sədr bildirdi ki, dünyada davam edən qlobal böhrana baxmayaraq, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarından artıq olmuşdur. Biz Azərbaycanda fəaliyyət göstərən Fransız şirkətlərinin fəaliyyətlərini yüksək dəyərləndiririk.
Humanitar sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi bu istiqamətdə qısa zamanda müsbət nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Bu yaxınlarda Fransada Azərbaycan şəhərciyi açılmışdır. Hər iki ölkənin 12 şəhəri arasında qardaşlaşma prosesi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Spiker bildirdi ki, Fransa parlamentinin bəzi deputatlarının Azərbaycan üçün həssas olan Dağlıq Qarabağ problemində qeyri-obyektiv mövqe tutması ölkə ictimaiyyətində müəyyən suallar doğurmuşdur. Bütün bunlara rəğmən, xoşagəlməz hallar artıq arxada qalmışdır. Sevindirici haldır ki, Fransada Azərbaycanın dostlarının sayı günbəgün artmaqdadır. Biz ədalətin gec-tez zəfər çalacağına qəlbən inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel ölkəmizə səfər çərçivəsində burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söylədi. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək dəyərləndirərək, tədbirdə müzakirə olunan məsələlərin bütün dünya siyasətçilərini düşündürdüyünü qeyd etdi. Bildirildi ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Assambleyasının deputatları Fransua Seliye, Mişel Tero, Jan-Mari Tetar və digər rəsmi şəxslər iştirak edirdilər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !