YAŞASAYDI BU GÜN 81 YAŞI TAMAM OLACAQDI - FOTO

YAŞASAYDI BU GÜN 81 YAŞI TAMAM OLACAQDI FOTO

ÖLÜM FƏDAİLƏRÇÜN BİR YÜKSƏLİŞDİR


Ərkivanlı Yaqub oğlu Nadir 1935-ci il sentyabrın 23-də Lənkəran şəhərində dünyaya göz açıb. IX sinifdə oxuyarkən respublika çempionu olub. Bu titulu ömrünün sonuna qədər qoruya bildi.
1953-cu ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olan N.Ağayev milli yığma tərkibində tələbələrin SSRİ birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. “Burevestnik” cəmiyyəti mərkəzi şurasının çempionatlarında altı dəfə dalbadal ali mükafata layiq görüldü.
Universitetin son kurs tələbəsi N.Ağayev 1958-ci ildə heç kimə məlum olmayan, bu gün məşhur Azıx mağarası kimi tanıdığımız qədim yaşayış məskənini tapıb aşkarlamışdır. Mağaranın dərinliklərindən tapdığı əşyayi-dəlillər əsasında diplom işi yazan 23 yaşlı geoloqun SSRİ-nin birinci, dünyanın üçüncü elmi tapıntısında əvəzsiz xidməti olmuşdur.
Lənkəran şəhər 2 nömrəli orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyətə başlasa da güləşdən ayrıla bilmədi. Ürəyi həyat eşqi ilə dolu olan bu gənci işıqlı gələcəyə doğru aparan cığır açıldıqca, keçmiş pəhləvanlar məktəbini əxz edə-edə Azərbaycan güləş meydanında cəsur bir igid peyda olurdu – Nadir Ağayev! Yalnız 60-cı illərin əvvəllərindən başlayaraq güləşçilər sərbəst və Yunan-Roma növləri üzrə ixtisaslaşmağa başladı. Artıq bu vaxtacan Nadir peşəkar güləşin bütün sirrinə bələd idi. Axı o, Azərbaycan güləş məktəbinin ustası Rza Baxşəliyevdən mükəmməl dərs almışdı.
Zaqafqaziya birinciliyi (Gəncə) və SSRİ çempionatının (Yoşkar Ola) mükafatçısı N.Ağayev 1961-1966-cı illərdə Lənkəran rayon yığma komandasının baş məşqçisi olmuşdur. Lənkəranlı bahadırlar–SSRİ-nin əməkdar məşqçisi Ağamusa Nuriyev, idman ustaları Ağanəcəf Nəcəfov, Fariz Məhərrəmov, Zəfər Kələntərli, Baba Babayev, Rəhim Rəhmanov, Fəxrəddin Heydərov, Aleksandr Salitski, Nadir Cəbrayılov, Rüstəm Fərəcov və digərinin yetişməsində Nadir müəllimin müstəsna rolu olmuşdur.
1967-1968-ci illərdə Masallıda məşqçilik fəaliyyətinə başlayan N.Ağayev burada yunan-Roma güləş bölməsini yaradıb və sərbəst (milli güləş) növünün daha da inkişaf etdirilməsi, gənclərin, idman mütəxəssislərinin təzə yaranan UGİM-nə cəlb olunması üçün əlindən gələni əsirgəməyib. İdman fədaisi evində, kiçik bir otaqda böyük uğurlara imza atdı. Masallı güləşçiləri yarışlardan əliboş geri dönmürdü.
Lakin bu uğurlar əlaqədar təşkilatları, o vaxtkı rayon rəhbərliyini hərəkətə gətirmədi. Nə gənc atletlər üçün idman zalı tikildi, nə də məşqçiyə lazımi qayğı göstərildi. O zamanlar belə bir fikir formalaşmışdı ki, böyük nailiyyətlərə yalnız paytaxtda nail olmaq, görkəmli idmançıları yalnız iri şəhərlərdə yetişdirmək olar. N.Ağayev isə bütün bu ehkamları alt-üst elədi. O vaxta kimi yalnız paytaxt məktəblilərinin təmsil olunub həmişə uğursuz qayıtdığı SSRİ birinciliyinə 1975-ci ildə Masallı komandası vəsiqə qazandı. Məktəbli güləşçilərimiz Düşənbədən bürünc medalla qayıtdı!
Çətinliklə üzləşsə də doğru-dürüst yolun yolçusu, ədalət tərəfdarı, öz işinin əzmkarı olub Nadir müəllim. Bütün bunları kiçik bir ömrə şərəflə sığışdırmaq hər kəsə qismət olmur. Nadir Ağayev güləşin inkişafı, vətən adının ucalığı uğrunda həyatının hər anını səfərbər edə bilib. Yoxsa ki, Lənkəranda özünə görə ad-sanı, hörməti vardı. Axı o heç də imkansız ailənin övladı deyildi! Universitet diplomu ilə başqa sahədə çalışa bilərdi və pis də qazanmazdı. Ancaq o buna rəğmən yenə də öz seçimindən dönmədi. Müqəddəs arzuları onu hər şeydən əl çəkib, Masallıya–Ərkivana qayıtmağa məcbur etdi. Sevdiyi işi üçün canını qoydu, ürəyinin yağını əritdi. Aylıq məvacib naminə “gün keçirən”lərə, kağız üzərində öz işini bitmiş hesab edənlərə əməli işiylə “dərs” keçməyə başladı.
Artıq 70-ci illərdə Tərlan Nuriyev, Əli Əliyev, Məşkur Qasımov, Kamal Mazanov, Namiq Cahangirov, Böyükxan Gülverdiyev, Səyədulla Əkbərov, Şirziyad Mehdiyev, Qardaşxan Əmənov, Elxan Bayramov, Bəybala Səmədov, Ağarza Nurullayev və onlarca idman ustası SSRİ və beynəlxalq güləş aləmində tanınmışdı...
Avropa, dünya və Olimpiya çempionunun məşqçisi kimi ad-sana, şöhrətə çatmaq olar, görkəmli idman xadimi və yüksək titul sahibi olmaq olar, lakin sıravi müəllim peşəsinin uca pilləsinə–ustad pedaqoq kimi ali zirvəyə yüksəlmək hər kəsə nəsib olmur. Onun həm çempionlar yetişməsində, həm də mənəvi dəyərlərə malik açıq fikirli, təmiz əqidəli insanların həyatda mövqe qazanmasında zəhməti əvəzsizdir. Əgər idman akademiyası və digər ocaqlarda ali təhsil almış yetirmələrinin siyahısını tərtib etsək, elə bircə bu, ustad pedaqoq ömrünün yaşantısı üçün kifayət edər.
Gözü-könlü tox, peşəsinə dərindən bağlı olan xeyixah və alicənab insan cibindəki pulunu son qəpiyinəcən yetirmələrinə sərf edir, nəyin bahasına olursa-olsun, qarşıya qoyduğu məqsədi, qulpundan yapışdığı işi uğurla sona çatdırmaqdan həzz alırdı.
1985-ci il yanvar 25-də vaxtsız dünyasını dəyişən N.Ağayev Ərkivanın Bağlakücə qəbristanlığında torpağa tapşırılıb.
Hər dəfə güləş turniri keçiriləndə, pəhləvanlarımız qələbə əldə edəndə fikirləşirsən ki, belə bir məşqçi vardı. Bugünkü uğurlar Nadir Ağayevin yaratdığı təməldən bəhrələnir. Onun haqqında düşünəndə mənən işıqlanırsan və qəlbin qürur hissi ilə döyünür. Xalqına gərəkli insanın vaxtsız itkisi nə qədər ağır olsa da, etdiyinin müqabilində mövcudluğu bir o qədər sevindiricidir. Nadir Dadaş istedadlı, bacarıqlı olduğu qədər də sadə idi. Zahiri və daxili dünyasına görə, əməllərində, üzündə, danışığında olan bu sadəlik istər-istəməz onu el-obanın sevimlisinə çevirmişdi.
Hər il Masallı Olimpiya-İdman Kompleksində pəhləvanın xatirəsinə həsr olunmuş respublikaYunan-Roma güləş turniri keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təklifi ilə bu tədbirə Beynəlxalq turnir statusu verilməsi və qonşu ölkələrdən də idmançıların dəvəti nəzərdə tutulub. Azərbaycan və SSRİ-nin əməkdar məşqçisi, respublika dərəcəli hakim Nadir Ağayevdən elə qiymətli yadigarlar qalıb ki, bizə və vətənimizə həmişə başucalığı gətirəcək. Bunlar onun xeyirxah əməlləri, açdığı cığır, yetişdirdiyi pəhləvanlardır. Təsadüfi deyil ki, yetirmələri: “Həyat əlifbasını bizə o öyrətmişdir” – deyərək, bu gözəl insanı böyük minnətdarlıqla xatırlayır.
Xeyirli insan xeyirli yollarla gedər. Nadirin əməlləri “insanam” deyənlərə böyük örnək verir.
Akif VAQİFOĞLU. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !