Milli Musiqi Günü Bərdədə böyük təntənə ilə qeyd edilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Milli Musiqi Günü Bərdədə böyük təntənə ilə qeyd edilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.
Milli Musiqi Günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsində, uşaq musiqi məktəblərində və şöbənin tabeliyində olan mədəniyyət müəsissələrində tədbirlər keçirilmiş, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından danışılmışdır. Mədəniyyət və Turizm şöbəsində keçirilən tədbirdə şöbənin müdiri İlyas Hacıyev Milli Musiqi Gününün əhəmiyyətindən və Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətində gördüyü işlərdən danışaraq, bu gün bu ənənənin layiqincə davam etdirildiyini nəzərə çatdırdı. Uşaq musiqi məktəblərində keçirilən tədbirlər konsert proqramı ilə davam etdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !