Şirin xanım Kərimbəyli Şadiman : - ÜZEYİR ELİMİZİN DAHİSİDÜR

Şirin xanım Kərimbəyli Şadiman : ÜZEYİR ELİMİZİN DAHİSİDÜR

( Dahi Üzeyir Hacıbəyliyə)

Yazdı ilk operanı – ad elədi,
“Leyli-Məcnun” ilə fəryad elədi,
O böyük Füzulini yad elədi,
Şərqdə musiqini abad elədi,
Operanı yurda övlad elədi,
Bu elmdə neçə ustad elədi,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

Bəllidür aləmə bəyzadəliyi,
Bəy ola-ola elə sadəliyi,
İstiqlal yolunda azədəliyi,
Ziyalı ad-sanına zadəliyi,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

Yayılıb hər tərəfə ustad adı,
Arşın-Malalan, Məşədi İbadı,
Necə heyrətdə qoyub dostu, yadı,
Olub hər bəstəmizin baş ustadı,
Üzeyir elimizin dahisidür,
Müsiqi elmimizin dahisidür.

 

O böyük el yazarın işığı var,
Neçə min cümlə – cahan aşığı var,
Ona kəm baxanın yad qarşığı var!
Onun dürr sənətinin yaraşığı var,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

O Milli himni – inqilab elədi,
Çökdü istiqlal – iztirab elədi,
“Koroğlu” – “Cəngi”haqqısab elədi,
Bu kimi ağrılara tab elədi,
Ürəyin hər əzaba bab elədi,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

Şərqdə ilk operanın banisidi,
Bu adı danan elin canisidi,
Onun etdikləri yurdun bəsidi,
O Böyük Rəbbinin divanəsidi,
Məhəbbətin dəli pərvanəsidi,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

Bu adın şöləsi – Qarabağımız,
Xarıbülbüllü – Şuşalı çağımız,
İndi əsir olalı qəlb dağımız,
Musiqi beşiyidür sorağımız,
Nətəvan ruhuna – quldu ağımız,
Şuşaya sancılmasa bayrağımız,
Əbədi yanmayacaq çırağımız,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

O böyük ziyaya izzət eləyək,
Adının eşqinə hörmət eləyək,
Nə ki, min cövrlə minnət eləyək,
Bu ulu dahini zinnət eləyək,
Ona xor baxana – lənət eləyək,
Haqqını qorumağa – qət eləyək,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.

 

Şadiman, çəkmə belə ağrı-acı,
O böyük sənətkarın başda tacı,
Onun ilhamının Rəbbdən xəracı,
Bunu hər kimsə danır qəlbə acı,
Onun ağlındadı şeytanın ucu,
Hər iki dünyada yoxdu əlacı,
Üzeyir elimizin dahisidür,
Musiqi elmimizin dahisidür.


27.01.2008
Şirin Xanım Kərimbəyli Şadiman
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !