Şirin xanım Kərimbəyli Şadiman : - XAÇMAZ XATİRƏLƏRİ FOTO

Şirin xanım Kərimbəyli Şadiman : XAÇMAZ XATİRƏLƏRİ FOTO

İsti avqust günlərindən biri idi. Həyat yoldaşım, kitablarımın cəfakeşi Abdulov Əli ilə bahəm şimal bölgəsini ən səfalı yerlərindən biri olan Qusar rayonuna getmişdik. Daha doğrusu istedadlı şair-jurnalist, Balaqusar kənd orta məktəbinin tarix müəllimi Ceyhun Ağabəyovun dəvəti ilə, rayonun ən səfalı güşələrindən biri olan Həsənqala kəndində həmkarımın evində qonaq olduq. Beş günlük istirahət zamanı Qusarın gəzməli-görməli yerlərində ruhumuzu təzələdik, adı dillər dastanı Şahdağın ürək sərinlədən güşələrinə baş vurduq. Elə bil başqa bir aləmə düşmüşdük, quşların səsi, ağacların ürək titrədən mehdən qopan sədası, Qusarçayın şırıltısı, uca zirvələrdən yarğanlara tökülən şəlalələrin oynaq zümzüməsi, bir sözlə burda hər şey həyat yoldaşımla məni ovsunlamışdı.
Beləliklə, bütün bu gözəllikləri ruhumuza pay etməklə yanaşı qərara aldıq ki, Qusara yaxın olan ətraf rayonlara da baş çəkək, günlərimizi daha rəngarəng, daha dolğun və səmərəli keçirək. Dəyərli oxuculara etiraf etməliyəm ki, özüm də şimal bölgəsinin Tağay kəndində doğulduğum üçün o yerlər ruhumu daha çox özünə çəkir, əlbəttə ki, burda Vətəni parçalamaqdan, ayrı-seçkiklik salmaqdan söhbət gedə bilməz. Vətənin hər qarışı mənə doğmadır, əzizidir. Sadəcə, insan harda doğulursa, ruhu daha çox o yerlərə can atır. Əlqərəz, isti avqustun təndir havası, şimal bölgəsini Bakıdakı kimi qızdıra bilmir...Bakıdan o yerlərə dincəlməyə gedənlər də mənimlə həm fikir olarlar ki, oralarda ən başlıcası, Bakıda həsrətində olduğumuz təmiz hava var, heç bir yemək, rahatlıq bu hava ilə əvəz edə bilməz....
Hələ oralara qonaq getməmişdən öncə mən çapdan çıxmış kitablarımdan şimal bölgəsinin rayon kitabxanalarına hədiyyə olaraq yollamışdım. Bu xoş məramlı işdə mənə dəstək olan Ceyhun müəllimə öz minnətdarlığımı bildirirəm. İnsan ali təhsil ala bilər, hansısa idarədə, müəssədə işləyə bilər, amma ziyalılıq hər adama nəsib olmur. O elə bir nurdur ki, hər adamın ruhuna qonmur, amma Ceyhun müəllimə İlahi bu ruhu nəsib edib.
Şimal bölgəmizin ən böyük inzibati yerlərindən biri olan Xaçmaz şəhərini ziyarət etmək qərarına gəldik. Hələ nəzərdə tutduğumuz yerə getməmişdən öncə orada fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri-şair, Fərzalı Ziyanur mənə bir gözləmədiyim xəbər vermişdi. Əvvəlcə şair barədə qısa arayış vermək istəyirəm. Fərzəli Ziyanur Müzəffəroba kənd tam orta məktəbində uzun müddətdir ki, direktor vəzifəsində çalışır, ixtisasca filoloqdu, 2004-cü ildən Xaçmazdakı “Ulduzlar” ədəbi məclisinə rəhbərlik edir.
Dəyərli ziyalımız Fərzəli müəllimin mənə yetirdiyi xəbər ondan ibarət idi ki, tələbə yoldaşım Azad Əlifxanov Xaçmaz Mərkəzi Kitabxanasının direktorudur.
Əlqərəz, Ceyhun müəllimin yolyoldaşlığı ilə növbəti gedəcəyimiz yer Xaçmaz oldu. Qərara almışdıq ki, həm kitabxanaya baş çəkərik, həm də tələbə yoldaşımla görüşərik. 17 avqust 2016- cı il tarixində şəhərə qədəm qoyandan sonra ilk getdiyimiz yer muzey oldu. Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin binası üçmərtəbəlidir. Bina şəhərin mərkəzində yerləşən Şəxsiyyətlər Parkının ərazisində inşa edilib. 2013-cü ildən etibarən muzey yeni binadan fəaliyyətini davam etdirir. Ümumilikdə, 5000-ə yaxın eksponatın nümayiş olunduğu bu muzeyi hər il orta hesabla 5 mindən artıq tamaşaçı ziyarət edir. Burada eksponatlar dövrlər üzrə yerləşdirilib. Muzeyin direktoru Aqil Əlisultanov mədəniyyət ocağı haqqında fikirlərini bizimlə bölüşdü. Muzey əməkdaşlarının ayrı-ayrı dövürlər haqqında verdiyi məlumatlar bizdə dəyərli təssuratlar yaratdı.
Muzeydən dolğun və əhatəli məlumatlarla ayrılıb, Xaçmaz şəhərində yerləşən Mərkəzi Kitabxanaya getdik, amma kitabxanaya yetişəndə bizə dedilər ki, bəs direktor Azad müəllim mənzuniyyətdədir. Bizi kitabxananın qarşısında dəyərli ziyalı “Ulduzlar” ədəbi məclisinin sədri-şair Fərzalı Ziyanur və digər əməkdaşlar qarşıladı, onlarla söhbətləşən məqamda qəfildən kitabxananın direktoru, tələbə yoldaşım Azad Əlifxanov gəlib çıxdı, gözləmədiyim qəfil görüş, həm məni həyəcanlandırdı, həm də bizi ötən günlərə qaytardı.
Biz onunla 1978/83-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin əyani şöbəsində təhsil almışdıq. Aradan illər ötmüşdü, təsadüf bizi görüşdürdü, biz o unudulmaz tələbəlik illərinin xatirələrinə qayıtdıq.
Ürəkdə fərəh doğuran, heç nə ilə yeri doldurulmayan, əvəz olunmayan tələbəlik illərini xoş duyğularla yad etdik. Görüş bitdükdən sonra Xaçmaz rayonunun Mərkəzi Kitabxanasının Oxu zalında yaradıcılığımla və çapdan çıxmış kitablarımla bağlı tədbir keçirildi. Tədbiri Xaçmaz “ Ulduzlar” ədəbi məclisinin sədri şair Fərzəli Ziyanur açdı. Fərzəli Ziyanur “Ulduzlar” ədəbi məclisi barədə geniş məlumat verdi, doğrusu bölgələrimizdən biri olan Xaçmaz şəhərində belə bir şairlər məclisin fəaliyyət göstərməsi kitaba, sözə verilən dəyər məni qürurlandıdrdı. Mərkəzi kitabxananın direktoru tələbə yoldaşım Azad Əlifxanov tələbəlik illərimizlə bağlı yadında qalan xatirələrdən danışdı, kitablarımın nəşrində böyük rol oynamış dəyərli ziyalı geofizik, həyat yoldaşım Abdulov Əli yaradıcılığım barədə öz ürək sözlərini söylədi. Kitabxananın direktoru tələbə yoldaşım Azad Əlifxanov və İnformasiya-resurs şöbəsinin müdiri Sevda İsmayılova qeyd etdilər ki, yaxşı olar mən virtual oxucular üçün kitablarımın elektron nəşirlərini kitabxanaya təqdim edim. Sevda xanımın mehriban baxışları ürəyimdə iz qoydu. Şair-jurnalist Ceyhun Ağabəyov ürəyə yatımlı səsi ilə şeirlər dedi, digər iştirakçılar da öz ürək sözlərini söylədi.
Xaçmaz şəhər 9 saylı tam orta məktəbin direktoru Tünzalə Salahova öz çıxışıyla təqdimat mərasimini daha da rövqləndirdi. Ona təqdim etdiyimiz kitabdan şeirlər söylədi. Sonra bizi payızda rəhbəri olduğu məktəbə yaradıcılığım barədə keçiriləcək tədbirə dəvət etdi.
Xülasə, könlümüzdə xoş əhvalı-ruhiyyə yaradan bu görüşün təssuratları hələ uzun müddət hafizəmizdən silinməyəcək. Bizi bir araya toplayan, o günün sevincini bizə yaşadan Xaçmaz rayonunun yığıncaqda iştirak edən dəyərli söz adamlarına, ziyalı insanlarına könül dolusu minnətdarlığımızi yetirirəm.
Sözə, kitaba verilən dəyər millətin kimliyi ilə ölçülür. O millətlər ki, yeməyi, geyimi, bir sözlə maddi rifahı mənəviyyatdan üstün tutur, belə millətlər elmli, bilikli xalqların içində əriyib itir. Amma bir şeyi də etiraf eləmək lazımdır ki, maddi rifahsız, mənəviyyat axsıyır, öləziyir, gündəlik təminatı üçün vurnuxan adamların gözündə heçə enir. Kitabı, kitabxanaları, muzeyləri, məktəbləri insanlara sevdirmək üçün adamlarımızın həyatında maddi yüksəliş olmalıdı, əks halda ac qarına mədəniyyət yox, gödəniyyət lazım olacaq, o ancaq gündəlik çörək pulu üçün özünü ora-bura vuracaq. Bunula yanaşı mədəniyyət, mənəviyyat sahəsində çalışan insanlarımızın maaşları yüksək olmalıdır ki, ətrafdakılara öz bilik və bacarıqlarını yetərincə aşılasınlar. Arzu edərdim ki, istər muzeylərimizdə, istər kitabxanalarımızda, istərsə məktəblərimizdə çalışan insanlarımızın maddi rifah halı yüksək olsun. Çünki cüzi məvaciblə ailə dolandırmaq, öz şəxsi təminatları ödəmək çox çətindi, mən bu çətinlikləri ziyalı həmkarlarımın yorğun üzlərindən və ehtiyac məngənəsində sıxılan kədərli gözlərindən hiss etdim.
Ümid edirəm ki, nə vaxtsa ölkəmizdə də bu məsələrə yetərincə diqqət ayrılacaq, o sahələrdə çalışan insanlarımızın üzü güləcək. Bu ümidlə də Xaçmaz xatirələrimə son nöqtəni qoyuram.
Biz yenidən Qusar rayonuna qaytdıq, ayaqüstü Qusar kitabxanasına baş vurduq. Sonra isə Qusar Dövlət Rəsm Qalereyasına getdik, qalereyada bizi rəssam, Rüstəmbəy Nağıyev qarşıladı, digər gənc rəssamlarla da tanış olduq. Məlum oldu ki, burda uşaqlara kiçik yaşlarından rəssamlığın sirrləri öyrədilir. Beləliklə biz Şahdağın mənzərəsini rənglərin lal dilinə çevirən gözəl bir rəsim əsərini, müəllif Rüstəmbəy Nağıyevdən də ev üçün aldıq. Həmən gün xoş əhval-ruhiyyə ilə yenidən Həsənqala kəndinə döndük. Evdə isə bizi gözəl mənzərəsi ilə adamı heyran edən bağ, məxsusi zümzüməsi, dadı, ləzzəti, ətri ilə ruha zövq verən samovar çayı, bir də manqalı öz cızbızına ram edən kabab gözləyirdi....

 

08.09.2016


Şirin Xanım Kərimbəyli Şadiman
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !