MASALLI RAYONUNDA TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLMİŞDİR - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUNDA TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLMİŞDİR FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

7 sentyabr 2016-cı il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər.
Konfransı giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açdı. Azərbaycanın Dövlət Himni səsləndi. Şəhər 2 nömrəli bağçanın balaca fidanları iştirakçıları şeirlə salamlayıb onları yeni dərs ili münasibətilə təbrik etdilər. Balacalara məktəbli çantaları hədiyyə verildi. Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov 2015-2016-cı dərs ilinin yekunları və 2016-2017-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etdi. O, göstərdi ki, rayonda yeni təhsil ocaqlarının tikintisi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni islahatların həyata keçirilməsi təhsilin inkişafına güclü təkan vermişdir. Məruzəçi demişdir ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğı, təhsil naziri cənab Mikayıl Cabbarovun təhsilin inkişafı naminə həyata keçirdiyi çox mühüm işlər, təhsilin ayrı-ayrı sahələri üzrə Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində görüləcək işlərin icrası Masallı Rayon Təhsil Şöbəsi tərəfindən əsas strateji iş planı kimi qəbul edilmiş və fəaliyyət planı hazırlanmış, icrası əsasən yerinə yetirilmişdir.
Masallı təhsil sisteminin qısa mənzərəsi belədir: 65 tam orta ümumtəhsil məktəbində 23270, 30 ümumi orta məktəbdə 3802, 3 ibtidai məktəbdə 65 şagird təhsil alır. 27137 şagirdin təlim tərbiyəsilə 2520 müəllim məşğul olur. 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərində illik fəaliyyətin yekun göstəriciləri barədə aşağıdakı nəticələr əldə olunmuşdur. Bildiririk ki,2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 2970, IX siniflərinə 2246, XI siniflərinə isə 1717 şagird qəbul edilmişdir.
16 iyun 2016-cı il tarixdə TQDK xətti ilə rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin buraxılış imtahanları keçirilmişdir. Buraxılış imtahanlarında zəif nəticə göstərmiş məktəblərin keyfiyyət göstəriciləri Rayon təhsil şöbəsinin şura iclasında geniş müzakirə edilərək təhlillər aparılmış və məktəb rəhbərlərinə töhmət verilmişdir.
Bununla yanaşı buraxılış imtahanlarında Miyankü, Bala Kolatan, Rüdəkənar, “Dəfinə” məktəb-liseyi, Qəriblər, Masallı şəhər 3 saylı, Hacıtəpə, Şıxlar 2 saylı, Dəlləkoba, Ərkivan qəsəbə, Masallı şəhər 2 saylı, Tüklə, Çaxırlı, Lürən, Xanalion məktəbləri yaxşı nəticə göstərmişlər.
Cari tədris ilində 635 abiturient ali məktəbə sənəd vermiş, 414 nəfər tələbə adını qazanmışdır. Onlardan 147 nəfəri qızlardır. Abiturientlərdən 50 nəfəri 500-600 bal, 33 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qeyd etmək lazımdır ki, tələbə adını qazanmış abituriyentlərdən 20 nəfəri xaricdə təhsil alacaqdır. 2013-2014-cü tədris ilində 500-600 bal toplayan qızların sayı 17 nəfər, 2014-2015-ci ildə 16, 2015-2016-cı tədris ilində isə 20 nəfər olmuşdur. Sevindirici haldır ki, son illərdə Masallı rayon ümumtəhsil məktəblərində ali və orta ixtisas məktəblərinə qəbulda və yüksək bal toplayanların arasında qızların sayı artmışdır.
Ali məktəblərə qəbul imtahanlarında daha yüksək nəticə göstərmiş şəhər 3 saylı tam orta məktəbinin məzunu Süleyman Abuzərli 686 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına, Boradigah qəsəbə 2 saylı tam orta məktəbinin məzunu Aydan Nağıyeva 679 balla Azərbaycan Dillər Universitetinə, Dəfinə məktəb-liseyinin məzunu Firuzə Səmədova 677, Təzəkənd kənd tam orta məktəbinin məzunu Xanlar Bayramov 660, Yeddioymaq 2 saylı tam orta məktəbinin məzunu Ülvi Alışanov 660, Lürən kənd tam orta məktəbinin məzunu Rza Rzalı 657 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuşlar.
2433 müəllim diaqnostik qiymətləndirmədə iştirak etmiş, onlardan 2407 nəfəri qiymətləndirmədən keçmiş, 28 müəllim isə aşağı nəticə göstərmişdir. Nəticə göstərmişdir ki, müəllimlərin əksər hissəsinin ixtisas və metodiki hazırlıq səviyyəsi yüksək, bəzilərinin isə nisbətən zəif olmuşdur.
Natiq qeyd etmişdir ki, rayonun ümumtəhsil məktəbləri üzrə fənn olimpiadalarının rayon və zona mərhələsi keçirilmiş, bir neçə şagird isə respublika mərhələsinə vəsiqə qazansa da, layiqli yer tuta bilməmişdir. İdman sahəsində həmişə olduğu kimi bu tədris ilində də voleybol və şahmat üzrə müəyyən nəticələr əldə edilmişdir.
Voleybol üzrə dörd idmançımız Respublikanın yeniyetmələrdən ibarət yığma komandasına dəvət olunmuşdur.
Şahmatçılarımız Biləsuvar, Lənkəran, Ağcabədi və Balakən rayonlarında keçirilmiş respublika turnirlərində birinci, ikinci və üşüncü yerləri qazanmışlar. Şahmat üzrə yarışlarda Gülçin Heydərova, Mirsadiq Nəbiyev, Əziz Ağayev, Mirseyidəli Talıbzadə daha uğurlu nəticələr əldə etmişlər.
Məruzəçi göstərmişdir ki, rayonun 98 ümumtəhsil məktəbindən 19-u qazla, 21-i duru yanacaqla, 58-i odunla qızdırılır.Cari tədris ilində qışa hazırlıqla əlaqədar rayon təhsil şöbəsi ilə Meşə Mühafizəsi və Bərpası müəssisəsi arasında müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə satın alınan odunun doğranması, daşınması və ümumtəhsil məktəblərinə çatdırılmasını həmin təşkilat öz öhdəsinə götürmüşdür.
Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili şəhər 1 və 3 saylı tam orta məktəblərində fəaliyyətə başlanması ilə bağlı Təhsil Nazirliyi əmr vermişdir. Bu məqsədlə RTŞ-nin əməkdaşları adları çəkilən məktəblərdə olmuş, valideyn və müəllimlərlə söhbətlər aparmışlar.
Möhtərəm Prezidentin respublika təhsilinə göstərdiyi qayğının nəticəsi rayonumuzda da daha yüksək səviyyədə hiss olunmaqdadır. Hər il olduğu kimi, bu ildə də rayonun bir neçə kəndində , o cümlədən, Şatırobada 180, Çayqıraqda 140 yerlik, Dəlləkoba kəndində 140 və Zuvandlıda 120 yerlik müasir standartlara uyğun məktəb binaları tikilmiş və yeni dərs ilində şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə Ərkivan qəsəbə 4 saylı tam orta məktəbdə əsaslı, Qızılağac 1 saylı tam aorta , Sarıcəfərli ümumi orta, Təklə kənd tam orta, Yeni Zuvand tam orta, Ləngan ibtidai məktəblərində cari təmir işləri aparılmışdır.
2015-2016-cı tədris ilində rayon ümumtəhsil məktəbləri üzrə 24 məktəb direktoru vəzifəsi vakant verilmişdir. Təhsil Nazirliyinin direktorların işə qəbulu üzrə apardığı müsabiqədə 7 müəllim müsabiqənin bütün mərhələlərini keçərək məktəb direktoru vəzifəsinə təyin edilmişlər.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun rayonun ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili işini, sağlamlıq imkanları məhdud olan şagirdlərin evdə təhsilə cəlb edilməsinin təşkilini gücləndirmək, təlimin texniki vasitələrindən istifadənin, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılmasını genişləndirmək, rayonun ümumtəhsil məktəblərində elektron kitabxananın yaradılmasını təşkil etmək, bilik yarışları və respublika fənn olimpiadalarına hazırlıq işlərinin təşkili və “olimpiada mərkəzi”nin yaratmaq, valideyn-məktəb əlaqələrinin müasir səviyyədə qurmaq, məktəblərin sürətli internet şəbəkəsinə qoşulmasının təmin etmək, müəllimlərin peşə hazırlığını artırmaq məqsədiylə onları ixtisasartırma kurslarına cəlb etmək, ümumi orta təhsili başa vurmuş şagirdlərin təhsillərini davam etdirmələrini diqqət mərkəzində saxlamaq qarşıda duran mühüm vəzifələrimizdəndir.
Bala Kolatan tam orta məktəbinin direktoru Elmar Qurbanov, Banbaşı tam orta məktəbinin gənc müəllimi Gülzar İsayeva, yüksək bal toplamış tələbələrdən Süleyman Abuzərli, Füruzə Səmədova, Xıl tam orta məktəbinin direktoru Aybəniz Qafarova, respublika təhsil nazirliyinin əməkdaşı İsaq Məmmədov çıxış edərək konfransa arzu və istəklərini çatdırmışlar.
İsaq Məmmədov diqqəti ölkə təhsilində həyata keçirilən islahatlara, məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsinə, qızların təhsilə cəlb edilməsinə, məktəblərarası təcrübə mübadiləsi keçirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına yönəltmişdir.
Masallı RİH başçısı Rafil Hüseynov müəllimləri təbrik etdib konfransın işinə uğurlar arzuladı. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxundu, bu sahədəki uğurları təqdir edib çatışmazlıqlardan danışdı. Göstərdi ki, ölkədə olduğu kimi Masallıda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur. Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Təkcə 3 ildə rayonda 18 məktəb və məktəbəqədər uşaq müəssisəsi yenidən tikilib və ya əsaslı təmir olunub. Üç məktəbdə əlavə sinif otaqları tikilib. Məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsi də göz qabağındadır.
Bir qrup qabaqcıl müəllimə RTŞ-nin Fəxri fərmanı verildi.
“Dəfinə” məktəb-liseyi təlim-tədrisdə qazandığı nailiyyətlərə görə təhsil nazirliyinin Fəxri fərmanına layiq görüldü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.

 

 

TƏQDİM OLUNAN FOTOLAR MASALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR. 

 

MASALLI.
AZpress.AZ -ın
MASALLI
müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !