Bərdədə Kitabxanaların ictimai həyatda rolu mövzusunda konfrans keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdədə “Kitabxanaların ictimai həyatda rolu” mövzusunda konfrans keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Kitabxanaların ictimai həyatda rolu” adı altında oxucu konfransı keçirilib.
Tədbirdə rayonun fəal gəncləri, ziyalılar, bu il respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş tələbə adını qazanan abituriyentlər və fəal oxucular iştirak edirdilər.
Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova əvvəlcə tədbir iştirakçılarını salamladı və bu il ali məktəbə qəbul olan tələbələri təbrik etdi və onlara yeni dərs ilində uğurlar arzuladı. Sonra kitabxanaların ictimai həyatda rolundan danışaraq bildirdi ki, kitabxanalardan istifadə hər cür ideoloji ehkamlardan azad olub yeniyetmələrin mütaliəsinə, xalqımızın müstəqilliyinin möhkəmlənməsinə, azərbaycançılıq ideologiyasının təbliğinə və demokratik dünyagörüşünün formalaşmasına istiqamət verir.
Yetişməkdə olan gənc nəsil üçün milli tərbiyənin vacibliyini ümummmilli lider Heydər Əliyev də ziyalılarla görüşlərində dönə-dönə qeyd etmiş, strateji istiqamətini müəyyənləşdirmişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər.”
Təqaüddə olan dil-ədəbiyyat müəllimi Rəşid Kazımov çıxış edərək bildirdi ki, kitab mədəniyyətdir, kitab mənəvi sərvətdir, Kitab inkişafdır, tərəqqidir, gərgin axtarışların, yuxusuz gecələrin, böyük zəhmətin məhsuludur, bəhrəsidir. Azərbaycan xalqının dahi şairi Şeyx Nizami “Xosrov və Şirin” poemasında yazır:
Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım.
Hər bir millət özünün mənəvi dünyasını kitab vasitəsilə yeni nəslə çatdırır.
Bərdə rayon Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Gülçöhrə Hüseynova təhsil alan hər bir yeniyetməyə milli tərbiyə qaydalarının aşılanmasında təhsil müəssisələri, tərbiyə ocaqları ilə bərabər respublika kitabxanalarının da yüksək rolu olduğunu qeyd etdi.
Milli tərbiyənin əsas məqsədi mühitə və ehtiyaca uyğun olaraq gənc nəslin hansı keyfiyyətlərə yiyələnməsi problemini araşdırmaqdır. Kitabxanaların üzərinə düşən vəzifə onlardan daha böyük məsuliyyət tələb edir. Bu baxımdan mütaliə vasitəsilə öyrətmək, öyrətməklə tərbiyə etmək vəzifəsini üzərinə götürən kitabxanaların işi daha rəngarəng və çoxcəhətlidir.
Adam köçkün məktəbinin dil-ədəbiyyat müəlimi Tural Bəhrəmov gəncləri salamladı və onları təbrik edərək qeyd etdi ki, bildiyimiz kimi, Azərbaycan Respublikası konstitusion əsaslar üzərində qurulmuş dünyəvi dövlətdir. Azərbaycanda tərbiyə prosesi dini dayaqlara söykənib, hüquqi-demokratik əsaslarla birləşərək mükəmməl bir sistem yaratmışdır. Milli istiqlaliyyətimizi əldə etdikdən sonra dinə, mənəviyyata, keçmişə qayıdış sahəsində bir sıra addımlar atılmaqdadır. Bu işə kömək məqsədilə kitabxanalarda milli-mənəvi və bəşəri dəyərlər əsasında yeniyetmələrin milli tərbiyəsini və bədii-estetik zövqünü formalaşdırmaq labüddür.
Kitabxananın fəal oxucusu Nəsibə Kərimova kitabların onun həyatındakı rolundan danışdı.
Sonda fəal oxucumuz Abbasov İbrahim iştirakçılar üçün gitara ilə mahnılar ifa etdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !