Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli-mənəvi dəyərlərimizdəndir mövzusunda dəyirmi masa keçirilmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli-mənəvi dəyərlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

24 avqust 2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada Bərdə rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə gənclərə milli-mənəvi və əxlaqi dəyərlərin aşılanması məqsədilə “Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli-mənəvi dəyərlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov, Bərdə rayonu “Cümə” məscidinin axundu Hacı Ramazan, məktəblərin Uşaq Birliyinin sədrləri və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi və mövzu ilə bağlı çıxış etdi. O, qeyd etdi ki, multikulturalizm — çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyəyə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqa “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” çağırışı da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal ətrafında sıx birliyini təmin etmiş, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakları ilə Azərbaycan həqiqətlərinin təbliğinə öz böyük töhfələrini vermələrinə stimul olmuşdur. Bir sözlə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firanvanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütün dünya ictimaiyyətinə Azərbaycanın tolerant bir ölkə olmasını bir daha sübut etdi.
Rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin salamlarını və ən xoş arzularını gənclərə çatdırdı. O, qeyd etdi ki, əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində bir ailə kimi yaşamışlar.“Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk” – söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olmuşdur. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eyni zamanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bu dəyərlərin təşviqi istiqamətində dövlətimizin atdığı daha bir mühüm addım oldu. İnsanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalara qarşı mübarizədə istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır. Dövlət bu sahədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirləri yubanmadan həyata keçirməkdədir. Dünyanın müxtəlif bölgələrində din və milli zəmində baş verən qarşıdurma və münaqışələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır.

Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsinə böyük önəm verən ümummilli lider Heydər Əliyev bu sahədə mühüm qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirilməsinə xüsusi diqqətlə yanaşmışdır. Ümummilli lider Heydər Əliyev 9 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında vurğulamışdır ki, azərbaycançılıq xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmış ideya kimi dayanır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov, “Cümə” məscidinin axundu Hacı Ramazan çıxışlarında edərək qeyd etdilər ki, Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə, dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəsinin təməlini qoymuşdur. Son on iki ildə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar”.
Qonaqlar gəncləri maraqlandıran sualllara geniş və ətraflı cavab verdilər.
Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq bildirdi ki,dünyada hərbi-siyasi münaqişələrin artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində müsbət təəssürat yaradan ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərin təbliğ olunması milli həmrəylik və birliyimiz nəticəsində mümkün olmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !