Sona Vəliyeva: - Dünya sökülən çuvaldı

Sona Vəliyeva: Dünya sökülən çuvaldı

Dünya sökülən çuvaldı


Sökülən çuvalda dənik,
Səpilərik düzə-dağa.
Tanrı göyərdər təzədən,
Dən gözlər dəyirman ağa.


Bəxt yazısın yazan varmış,
Çox istəyən azdan olmuş.
Ömür almasız nağılmış
Gəlmişik qulaq asmağa.


Mən kiməm, kimim var burda,
Gəldim nəyi axtarmağa.
Dünya yol üstə güzgüymüş,
Gəldim özümə baxmağa


Nəyin ələk- fələyiyəm,
Çıxmışam nabələd yola.
Bəzən öz içimdən keçib
Özüm yol oluram yola.


Bu ev, bu yol yaman tanış,
Yad görünən doğmam imiş.
Söz gəzirəm deyilməmiş
Ocaqda söz saxlamağa.


Əlim göydə, haqq önündə
Duam içimdən dərində.
İnsan şeytan xislətində,
Düşüb şeytandan qabağa.


Torpaq dili, çiçək dili,
Arı dili, pətək dili,
Bir sirr içrə sirrin mini,
İzn olmaz sirr açmağa.


Bu nə rəng göy qurşağında,
Sevdası aşiq başında.
Adəm nəfsin savaşında
Uduzdu mələk olmağa.


İçimdə söz, sözdə mənəm,
“Ol”dan əvvəlki sözdənəm,
Söz ölməsə mən ölmərəm
Gəldim sözlə sağ qalmağa.

 


Sona Vəliyeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !