ADU-da Amerikalı tələbələr üçün təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirildi - FOTO

ADU-da Amerikalı tələbələr üçün təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirildi FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-da təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirildi. Mərasimdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Emi Peterson, Amerikan Şurasının ölkə üzrə direktoru Jodi Blankerşip, proqramın koordinatoru Ramiqə Şirəliyeva, 5 nəfər amerikalı tələbə və onların rezident direktoru Rachel Simon, tələbələrə dərs deyən müəllimlər, həmçinin Azərbaycanda yaşadıqları müddətdə onlara ev sahibliyi edən ailələrin nümayəndələri də iştirak edirdi.
Professor Jalə Qəribova açılış nitqi ilə çıxış edərək 8-ci yay məktəbinin öz işini uğurla başa vurduğunu bildirdi. Bu proqramın Azərbaycanın tanınması və təbliği istiqamətində böyük əhəmiyyət daşıdığını söyləyən prorektor amerikalı tələbələrin ölkəmiz haqqında müəyyən təəssüratlara malik olduğunu qeyd etdi. O, proqramın reallaşmasında Dillər Universitetinin mühüm rol oynadığını sözlərinə əlavə etdi. Jalə Qəribova çıxışının sonunda səfirliyin əməkdaşlarına, tələbələrin müəllimlərinə və onlara valideynlik edən ailələrə, o cümlədən bu işdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.
Emi Peterson bütün müəllimləri və tələbələri yay məktəbinin uğurla yekunlaşması münasibəti ilə təbrik etdi. Bu qəbildən olan təhsil əlaqələrinin dövlətlərarası münasibətlərin dinamik inkişafına təkan verdiyini söyləyən E. Peterson səfirliyin ADU ilə əməkdaşlığını dəstəklədiyini vurğuladı. Amerikalı tələbələrin yenidən Azərbaycana gələcəklərinə ümid etdiyini bildirən səfirlik nümayəndəsi Şuranın işini yüksək qiymətləndirdi.
Sonra amerikalı tələbələr Azərbaycanla bağlı təəssüratlarını ana dilimizdə bölüşərək xalqımızın qonaqpərvər olduğunu, tədris prosesindən razı qaldıqlarını, proqram bitdikdən sonra da bu dili öyrənməyə davam edəcəklərini və bu məqsədlə ölkəmizə yenidən qayıtmaq istədiklərini söylədilər.
Sonda amerikalı tələbələr müəllimlərinə hədiyyələr təqdim etdilər.
Qeyd edək ki, “Yay məktəbi” intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim etdi. Amerikalı tələbələr səkkiz həftə ərzində Azərbaycan dilini öyrənməklə yanaşı ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib oldular.
Onu da bildirək ki, Önəmli Dil Təqaüdü tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr qatılıb. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı amerikalı tələbələrin şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, maddi mədəniyyət abidələrini və dini yerləri ziyarət ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !