Bəxtiyar SADIQOV: - BAZAR O BAZAR DEYİL

Bəxtiyar SADIQOV: BAZAR O BAZAR DEYİL

İndi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.
İlham ƏLİYEV



Məhdud anlamda bazar “alver” deməkdir.
Yəni pulunu alıb malını verirsən, başqa sözlə satırsan.
Göründüyü kimi, bazarda iki tərəf var: satan və alan.
Üçüncü, gözəgörünməyən (alış-veriş məqamında) tərəf isə bazarın özünün mövcudluğudur.
Geniş mənada bazar isə münasibətlər məcmusudur. Bu münasibətlər adətən qanunlarla tənzimlənir. Həmin qanunlarda alıcı və satıcıdan başqa dövlət qurumlarının da (vergi, gömrük) mənafeləri var və təmin olunmalıdır! Əks halda proses baş tutmayacaq, ya da yarıda qırılacaqdır.

Satıcı istehsal etdiyi məhsulu elə qiymətə satmalıdır ki, həm özü və ailəsi yaşasın, həm də istehsalı davam etdirə və genişləndirə bilsin!
Alıcı cibinə uyğun mal tapmalıdır! Əks halda ya borca düşməli, yaxud maldan imtina etməli olacaqdır.
Dövlət alış-verişin artmasında və genişlənməsində maraqlıdır. Belədə həm vətəndaşları yaxşı yaşayır, işlə təmin olunur, həm də büdcəsinə sistemli şəkildə vəsait daxil olur!
Deməli, bütün tərəflər bazarın, həm də yaxşı bazarın mövcudluğunda maraqlıdır.
“Yaxşı bazar” qiymətləri “münasib” olan və malın tez satıldığı bazara deyilir.
“Münasib qiymət” alıcıya və satıcıya sərf edən qiymətdir. Yəni satıcı gərək malına görə elə gəlir götürsün ki, istehsalını davam etdirə bilsin. Alıcı da xərclərin müqabilində növbəti mərhələdə gəlir yiyəsi olsun!
Bazarda qiymət kimlərinsə istəyi ilə təyin edilmir. Tələb və təklif arasındakı nisbət bazar qiymətinin müəyyənləşməsində başlıca rol oynayır. Yəni təklif çox, tələb az olanda qiymət ucuzlaşır. Yaxud əksinə, təklif az, tələb çox olanda qiymət qalxır!
Təklifin çoxluğu, yaxud azlığı isə istehsal prosesi ilə bağlıdır. Bu sahənin isə öz qayda-qanunu və problemləri mövcuddur.

***
18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan kommunist ideologiyasından və sosializmdən imtina etdi. Lakin həmin dövrdə və sonrakı illərdə bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olunması yolunda heç bir addım atılmırdı. Yalnız xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev bu sahədə də ciddi dönüşə imza atdı. Azərbaycanı ümumbəşəri inkişaf yoluna qaytaran ulu öndər Heydər Əliyev əvvəlcə bazar iqtisadiyyatı münasibətlərinə keçidin hüquqi əsası sayılan yeni Konstitusiyanın hazırlanaraq referendum yolu ilə qəbulunu təmin etdi. Sonra həyata keçiriləcək islahatların qanunçuluq bazasını yaradaraq gərgin fəaliyyətə başladı. Özəlləşdirmə proqramları uğurla yerinə yetirildi, insanlara xüsusi mülkiyyət hüququ verildi, sahibkarlıqla məşğul olmaq üçün şərait yaradıldı, ən çətin və ağır proses - aqrar islahatı aparılaraq torpaq öz sahibinə qaytarıldı və s.
Artıq ölkəmizdə bazar da var, bazar münasibətləri də!
Amma hələlik bu bazar nə əvvəlkindəndir, nə də görmək istədiyimizdəndir!

Əvvəlcə müqayisəli şəkildə nəzərdən keçirək.
Sovet dövründə “kiçik bazar” “kolxoz bazarı” adlanırdı. Guya burada satılan kənd təsərrüfatı məhsulları kolxozlarda və kolxozçular tərəfindən istehsal edilirdi. Amma sovxozlarda və ən əsası fərdi təsərrüfatlarda yetişdirilən meyvə-tərəvəz və bostan məhsulları da həmin bazarlara çıxarılardı. Paytaxt Bakıda isə satış şəbəkəsi (kənd təsərrüfatı məhsullarını nəzərdə tuturuq) bir qədər də geniş idi. Küçələrə çoxsaylı açıq piştaxtalar düzülərək tərəvəz mağazaları yaradılmışdı. İstisnasız olaraq sovxoz məhsulları satılırdı. Qiyməti çox ucuz, keyfiyyəti isə lap aşağı olardı. Kartof, soğan, alma tığ vurularaq tozlu səkilərə (piştaxtanın yanına) tökülər, vedrələrlə satılardı. Beş kiloqramlıq maldan bir-iki kilo safı çıxsaydı, böyük iş olardı. Buradan ancaq əlacsızlıqdan bazarlıq edərdilər.
“Azərittifaq”a məxsus tədarük kontorlarının əhalidən aldığı mövsümi məhsullar isə “kooptorq”larda (kooperativ ticarət şəbəkəsinə məxsus piştaxta tipli küçə mağazalarında) satılardı. Burada məhsulun keyfiyyəti daha yaxşı, qiymətlər isə bazardakına uyğun olardı. Bazara getmək mümkün olmadıqda (xüsusən axşam çağlarında) “kooptorq”larda alış-veriş etmək olardı. Şübhəsiz, keyfiyyət və qiymət sarıdan ən üstünü “kolxoz bazarı” sayılardı. Amma digər iki şəbəkə rəqabət yaratmaq, insanların işini yüngülləşdirmək məqsədi güdürdü.
Sovet kəndlisinin öz məhsulunu reallaşdırmaq üçün iki yolu vardı: bazara çıxarmaq və ya həyətində tədarük təşkilatlarına “bir yerdən” (topdansatış formasında) satmaq. Bazara çıxaranda qazanc artıq olurdu. Amma vaxt itkisi, nəqliyyat və qablaşdırma məsələsi, habelə “bazar problemləri” mütləq nəzərə alınmalı idi. Həyətində satanda isə qiymətdə xeyli uduzsa da, nəqliyyat, qablaşdırma, satış məsələlərinin həlli qayğısından uzaq olduğundan daha rahat sayılırdı. Elə məhsul növləri (xüsusən meyvə) vardı ki, onu birbaşa bağdan-bostandan satmaq sərf edirdi.
Sonrakı dövrlərdə “kolxoz bazarları” böyük dəyişikliklərə uğradı. Əgər əvvəllər kəndli həyətyanı sahəsində becərdiyi məhsulu satmaq üçün bazara gətirəndə kənd sovetindən məhsulun “özününkü” olması barədə arayış alaraq bazar rəhbərliyinə təqdim etməliydisə, sonralar buna bir o qədər də əhəmiyyət verilmirdi. “Kolxoz bazarı” demək olar ki, alverçilərin əlinə keçmişdi. Yalnız istirahət günlərində və mövsümi məhsullar bol olanda adi kəndli burada özünə çətinliklə yer tapardı. Bazarın “daimi sakinləri” tezdən qapının ağzını kəsərək “istehsalçılar”ın gətirdikləri məhsulları ucuz qiymətə alar, gün ərzində artığına satardı. Hətta bəzən “gətiricilərin” (mal sahiblərinin) məhsulunu bir yerdən nisbətən ucuz qiymətə almaq üçün onlara müəyyən təzyiqlər də göstərə bilirdilər. Bazara nəzarət etməli olan qurumlar isə oradakı gəlirdən “öz paylarını” aldıqlarından hər cür qanunsuzluqlara və zorakılıqlara göz yumurdular!
Keçmiş “kolxoz bazarları”nın yazılmamış qayda-qanunlarının bir qismi “müasir bazarlar”da hələ də qüvvədədir!
***
“Böyük bazar” - ölkə bazarı isə tamamilə dövlətin sərəncamında və nəzarətində idi. Sahibkarlıq fəaliyyətinin və fərdi istehsalın qadağan edildiyi bir dövrdə dövlətdən başqa kiminsə bu bazara mal çıxarması qeyri-mümkün sayılırdı. Ölkədən (SSRİ-dən) kənara mal-məhsul çıxarılması və ya idxalı hüququ da dövlətə məxsus idi. Lakin “böyük bazar”dakı qiymətləri tələb-təklif münasibətləri həll etmirdi. Dövlət Qiymət Komitəsi istehsal ediləcək məhsulun bütün parametrlərini, o cümlədən standartını və qiymətini təsdiq edirdi. Həmin qiymətdən kənara çıxılmazdı. İstehsal da, bazar da dövlətə məxsus olduğundan nəzəri cəhətdən düşünülürdü ki, planlaşdırma yolu ilə təklifi tələbə uyğunlaşdırmaq, beləliklə, səmərəli və sürətli istehsalı təmin etmək mümkün olacaqdı. Lakin texnoloji gerilik, istehsalın inkişafında fərdi marağın olmaması, habelə planlaşdırma sisteminin özünü doğrultmaması bütövlükdə mövcud quruluşun iflasına səbəb oldu! Əslində SSRİ özü dünya iqtisadiyyatından təcrid olunmuş şəkildə idi və bu sonsuzadək davam edə bilməzdi!
Bu gün Azərbaycanda sərbəst bazar iqtisadiyyatı münasibətləri bərqərar olub, insanlara xüsusi mülkiyyət və sahibkarlıqla məşğul olmaq hüququ verilib. Başlıca problem isə sərbəst bazar münasibətlərinə nə dərəcədə uyğunlaşmağımızdadır!
***
Sosializm dövründə dövlət hər şeyi - planlaşdırmanı, istehsalı, satışı öz üzərinə götürmüşdü.
İndi bu işlərlə - nədən, nə qədər istehsal edib harada satacağı ilə hər bir vətəndaş məşğul ola bilər.
Dövlət yalnız bu proseslərin normal məcrada inkişafına müxtəlif üsul və vasitələrlə öz köməyini göstərir, lazım gələndə tənzimləyir!
Dövlət başçısı tərəfindən qarşıya qoyulan ən mühüm vəzifə qeyri-neft sektorunun inkişafıdır. Enerji və nəqliyyat təhlükəsizliyini təmin edən Azərbaycan indi ərzaq təhlükəsizliyinə nail olmaqla məşğuldur. Biz də əsasən bu sahədən, bu sahədəki bazardan bəhs edəcəyik.
Cənab İlham Əliyev hələ illər öncə “neftsiz dövrə” hazırlıqla bağlı fikirlərini bildirmiş, müəyyən tədbirlərin görülməsi üçün tapşırıqlar vermiş, onların bir hissəsi icra olunmuşdu. Ancaq siyasi amillərə görə gözlənilmədən neftin qiymətinin dəfələrlə aşağı düşməsi sanki bu dövrü yaxınlaşdırdı. Heç kəsin gözləmədiyi halda belə bir vəziyyətin yaranmasına baxmayaraq dövlət başçısının uzaqgörənliyi sayəsində meydana çıxan situasiyaya müəyyən qədər hazır idik.
Bu hazırlıq özünü nədə göstərirdi:
* Əvvəla, regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra edilərək Azərbaycanın bütün guşələrində tikinti, quruculuq və abadlıq işləri aparılmış, insanların normal yaşayıb işləməsi üçün zəruri infrastruktur yaradılmışdır;
* Respublika paytaxtı ilə bölgələri birləşdirən, sərhədlərə rahat çıxışı təmin edən yeni yollar çəkilmiş, körpülər, suötürücüləri qurulmuş, kəndarası yollar təmir edilərək gediş-gəliş xeyli asanlaşmış və sürətləndirilmişdir;
* Rayonlara fasiləsiz elektrik enerjisi verilişi təmin edilmiş, kənd və qəsəbələr əsasən qazlaşdırılmış, sahibkarlıq obyektlərinin normal fəaliyyətinə şərait yaradılmışdır;
* Yerlərdə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbarlar, tez xarab olan məhsulların qorunması üçün soyuducu qurğular tikilərək istifadəyə verilmişdir;
* Sovet hakimiyyəti illərində tikintisi yarımçıq qalan Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının inşası başa çatdırılmış, nəticədə suvarılan torpaqların su təminatı xeyli yaxşılaşdırılmış, əlavə olaraq min hektarla sahələr əkin dövriyyəsinə qatılmışdır;
* Yeni su anbarlarından çəkilən kanallar şəbəkəsi kəndlilərin işini xeyli asanlaşdırmış, isti yay günlərində hamının suvarma suyundan istifadəsinə imkan yaradılması xüsusi qərarla nəzarətə götürülmüşdür;
* Hər il dövlət vəsaiti hesabına yüzlərlə artezian quyusu qazılaraq su qıtlığı olan yerlərin təminatı yaxşılaşdırılmışdır;
* Sahibkarlığın inkişafına daim dövlət qayğısı göstərilmiş, hər il kənd təsərrüfatı sahəsində çalışanlara yüz milyon manatlarla güzəştli kreditlər verilmişdir;
* Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışını asanlaşdırmaq üçün sərhəd buraxılış məntəqələrində və gömrük sistemində sadələşdirmə aparılmış, Moskva hökuməti ilə ayrıca müqavilə bağlanaraq Rusiya bazarlarına Azərbaycan məhsulunun girişi asanlaşdırılmışdır.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ümumi daxili məhsul istehsalı sahəsində ağırlıq mərkəzinin kənd təsərrüfatına keçirilməsini qarşıya vəzifə qoyan Prezident İlham Əliyev islahat xarakterli bir sıra addımlar atmış, sənədlər imzalamışdır. Qüvvəyə minmiş həmin sənədlərdə kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlara dövlət tərəfindən silsilə güzəştlər və yardımlar tətbiq olunur.
Onlar aşağıdakılardır:
* Kənd təsərrüfatı istehsalçıları 2014-cü il yanvarın 1-dən daha 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar;
* Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində istifadə edilən və lizinq müqaviləsinin obyekti olan əksər maşın və texniki vasitələr idxal edilərkən idxal rüsumundan və əlavə dəyər vergisindən azaddırlar;
* Ölkəyə idxal olunan safqanlı qaramal, cins qoyunlar və keçilər, əkin üçün soya paxlalılar, günəbaxan, şəkər çuğunduru və yonca toxumları, gübrələr, bəzi aqrokimyəvi maddələr, bir sıra kənd təsərrüfatı və emalı texnikası ölkəyə idxal edilərkən daha idxal rüsumuna və əlavə dəyər vergisinə cəlb edilmirlər;
* Qeyd edilənlərdən başqa, Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsullarına da idxal rüsumu və əlavə dəyər vergisi tətbiq edilmir;
* İstehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat, hər hektar buğda və çəltik səpininə görə 40 manat məbləğində yardım olunur, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdiyi mineral gübrələr isə ona 70 faiz güzəştli qiymətlərlə satılır;
* Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir;
* “Aqrolizinq” ASC tərəfindən ölkəyə idxal olunan damazlıq heyvanlar heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına heyvanın dəyərinin 50 faizi güzəştlə 3 il müddətinə lizinqə verilir. Bu halda istehsalçı damazlıq heyvanların dəyərinin qalan hissəsinin 50 faizini əvvəlcədən ödəməlidir;
* Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş, lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildiyi halda, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir;
* Dövlət kəndli-fermer təsərrüfatlarında istehsal olunan məhsulun vaxtında və itkisiz alıcıya çatdırılmasında maraqlıdır. Bu məqsədlə “Dövlət satınalmaları haqqında” ayrıca qanun qəbul edilmiş, xüsusi qurum yaradılmışdır.
Bütün bu və digər tədbirlər kəndlinin işinin səmərəsinin artmasına, məhsul bolluğu yaranmasına, bütövlükdə sahənin sürətli inkişafına güclü təkan verir.
***
“Səndən hərəkət, məndən bərəkət” - deyib atalar.
Azərbaycan iqtidarı kəndli-fermer təsərrüfatlarının yaranmasına və inkişafına, sahibkarların daha rahat işləyərək yüksək gəlir götürmələrinə çalışır, buna şərait və imkan yaradan addımlar atır. Onların bir qismini diqqətə çəkdik. Lakin kəndlinin də üzərinə xeyli iş düşür. Ən vacib məsələ isə sovet dövrü psixologiyasından birdəfəlik azad olmaq, bazar iqtisadiyyatı münasibətləri şəraitində çalışmağı öyrənmək, yeni dövrün yeni tələblərinə uyğunlaşmaqdır.
Bunu kəndli-sahibkar özü etməlidir, özü üçün etməlidir.
Unutmaq olmaz ki, bu bazar o bazardan, sovet dövrü bazarından deyil!
Sərbəstdir, bizim üçün “yeni” sayılsa da, özünün əsrlər boyu formalaşan ənənəvi tələbləri və qaydaları ilə işləyir.
Bu gün daxili bazarda yer tutmaq asandır.
Bunun üçün əvvəlcə standarta uyğun, üstəlik cəlbedici görünüşə malik məhsul istehsal etmək lazımdır.
Hazır məhsulun müvafiq qaydada qablaşdırılması, təzə-tər halda alıcıya çatdırılması mexanizmi yaradılmalıdır.
Bütün bunların öhdəsindən kəndli-fermer təkbaşına gələ bilməz. Birləşmək, kəndli kooperativləri yaratmaq günün tələbidir!
Belədə iqtisadi güc də, imkanlar da artar! Həm texnikanın alınması və işlədilməsi, həm də məhsulun satışının təşkili xeyli asanlaşar.
Ulularımız əbəs yerə “güc birlikdədir” - deməmişlər!
Hazırda daxili bazarda alıcı çox, həm də bir o qədər tələbkar deyil!
Sabah bolluq yarananda seçim daha ciddi olacaq, müştəri uğrunda mübarizə güclənəcəkdir!
Həmin sabaha indidən hazırlaşmaq, istehsalı da, təklif olunan məhsulları da müasir tələblərə və standartlara uyğunlaşdırmaq vacibdir!
Dünya bazarında rəqabət daha kəskin və amansızdır. Çünki orada özünə yer tutmuş ənənəvi satıcılar alıcının zövqünü və tələbini daha dəqiq bilir və dolğun ödəyir.
İtirilən hər il, hər ay əslində indiki və gələcək qazancın itirilməsi deməkdir!
Bunu unutmaq olmaz!
Hələ ki dövlətin dəstəyi güclüdür!
Hələ ki rəqabət bir o qədər də kəskinləşməyib!
Zaman irəliyə gedir, yerində saymır!
Dövlətinə güvənərək zamanla ayaqlaşmalısan!

 



Bəxtiyar SADIQOV

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !