Sona Vəliyeva: - Məktub

Sona Vəliyeva: Məktub

Məktub
(Könülün dilindən)


Torpağın üzü soyuqdur
Qəbrimə üzünü söykəmə.
Soyuqlarsan baxan olmaz,
Yoxluğumu dərd eyləmə.


Yüz fikir borcu ödəməz
Harayına yetməz əlim.
Göz yaşın yolu uçurdu
Hansı yolla dönüm gəlim.


Ən kiçik umu-küsü də
Dözülməyən dərddir indi.
Ölüm də qismət yazıdır
Elə bilmə üz döndərdim.


Sevgi, diqqət innən belə
Daha çox gərəyin olar.
Burda sevincdən ölərəm
Bilsəm orda sevənim var.


Qoyub gəldiyim evin
Hər şeyi düzənlimi?
Qoyma uşaqlar ağlasın
Dağlayırlar ürəyimi.


Burda ayrılıq fəslidir
Burda bahar yay olmur.
Mən dönməyə can atdıqca,
Sonuncu körpü yox olur.


Bir sözüm vardı sənə
Deməyi unutdum, getdim.
İçimdə bir qız ağlayır
Səsini neyə bənzətdim.


Dilimə gələn, gəlməyən
İndi hər şey etirafdı.
Soyuq yel əsdi arada,
Əcəl aldı yer apardı.


Burda işığı kəsiblər
Qaranlıq çöküb qəlbimə.
Sarı çiçəklər göndərsən
İşıq gələr gözlərimə.


Torpağın üzü soyuqdur
Qəbrimə üzünü söykəmə.
Soyuqlarsan baxan olmaz,
Yoxluğumu dərd eyləmə.

 


Sona Vəliyeva
May-2015 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !