Bəxtiyar SADIQOV: - AZƏRBAYCAN İNAMLA İNKİŞAF EDİR

Bəxtiyar SADIQOV: AZƏRBAYCAN İNAMLA İNKİŞAF EDİR

Bəşəriyyət mövcudluğuna görə istehsala, həm də təkrar istehsala borcludur!
Təbiətdə, sənaye və kənd təsərrüfatında, hətta demoqrafiyada təkrar istehsal və artım olmasa, həyat dayanar!



İstehsalda uğurun (həm də böhranın) olması da təbiidir.
Ya Allah təbii sərvət şəklində müxtəlif nemətlər qismət edir, yaxud insanlar yeni üsul və texnologiya tapmaqla güclü artıma nail olurlar.
Lakin “uğur” və “artım” hələ inkişaf demək deyil!
“Uğur”un və “artım”ın inkişafına çevrilməsi üçün məqsədyönlü şəkildə çalışmaq, düşünülmüş siyasət yürütmək, vaxtında zəruri islahatlar keçirmək, habelə gələcəklə bağlı real proqramlar hazırlayaraq qüvvə və imkanları onların həyata keçirilməsinə səfərbər etməyi bacarmaq lazımdır!

Azərbaycan məhz bu sayaq inkişaf edir!
Azərbaycan inamla inkişaf edir!
Azərbaycan hətta böhran şəraitində də inkişaf edir!
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin həllinə həsr olunan iclasında dövlət başçısı cənab İlham Əliyev dünyada və ölkədə baş verən prosesləri dərindən təhlil edən, ilin birinci yarısının uğur və problemlərini incələyən geniş və parlaq nitq söylədi. Prezidentin giriş və yekun nitqlərindəki qiymətləndirmələr, qarşıya qoyduğu hədəf və vəzifələr ölkəmizin bundan sonrakı inkişafı üçün istiqamətverici əhəmiyyət daşıyır.



Aprel döyüşlərindəki böyük hərbi qələbə status-kvonun
dəyişməsini zəruri edir


Prezident İlham Əliyevin elə bir çıxışı, nitqi və görüşü yoxdur ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasın.
Budəfəki iclas da istisna olmadı. Ancaq mühüm bir fərqlə! Artıq vurğu ikili standartların tənqidinə yox, Azərbaycan Ordusunun aprel döyüşlərindəki böyük hərbi qələbəsinin yaratdığı yeni ictimai-siyasi şəraitə, Ali Baş Komandanın şəksiz üstünlükdən və birmənalı dönüşə səbəb olan döyüşün doğurduğu inam və qətiyyətin, dəyişməz mövqeyin üzərinə qoyulur.
Bəli, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli gerçəkliyi dəyişib, özü də əsaslı şəkildə!
Əvvəla, Azərbaycan Ordusu özünün həqiqi gücünü və qüdrətini, nəyə qadir olduğunu əyani şəkildə göstərdi.
İkincisi, Ermənistanın kriminal siyasi rəhbərliyi və Ermənistan ordusu dərk etdilər ki, münaqişənin həll olunmadığı iyirmi ildən artıq müddətdə Azərbaycan iqtisadi və hərbi cəhətdən sürətlə inkişaf etmiş, son dərəcə qüvvətlənmiş, Ermənistan isə blokada şəraitində boğularaq miskin və zəif günə düşmüşdür!
Üçüncüsü, ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, ermənilərin havadarları və bütün dünya anladılar ki, artıq ədalətli sülhə nail olunmalıdır, əks-təqdirdə müharibə hər an alovlana və Ermənistan üçün pis nəticə verə bilər!
Dördüncüsü, Ermənistanın sülh danışıqlarında irəliyə şərt sürməsi, şıltaqlıq etməsi və təxribatlar törətməsi dövrü bitib!
Beşincisi, Azərbaycan razılıq verdiyi mərhələli həll variantı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilərək Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılması, ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyi mövqeyində qəti və israrlıdır!
Ən nəhayət, danışıq və müzakirələri uzatmağın, yalan və iftiralarla dünyanı çaşdırmağın, kiməsə və nəyəsə ümid bəsləməyin vaxtı keçib.
İtirilən hər gün güclü Azərbaycanla zəif Ermənistan arasında müharibənin alovlanmasına, bölgədə heç kəsin arzulamadığı dağıdıcı hərbi əməliyyatların başlamasına səbəb olar. Üstəlik, Türkiyə-Rusiya münasibətlərinin yenidən düzələrək əməkdaşlığa çevrilməsi heç də Ermənistanın xeyrinə deyil!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəmiz üçün prioritet məsələ olduğunu diqqətə çəkən cənab İlham Əliyev bir daha öz iradəsini ortaya qoydu:
“Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır".



İnkişafın Azərbaycan modeli böhran sınağından da uğurla çıxır

Azərbaycan dövlət müstəqilliyinə çox çətin və mürəkkəb dövrdə qədəm qoydu. Qırmızı imperiyanın dağılması nəticəsində yaranan ümummilli böhran, ölkə daxilində sabitliyin pozulması və hakimiyyət uğrunda aramsız mübarizə, torpaqların işğalı ilə nəticələnən dağıdıcı müharibə, səriştəsiz idarəetmə ağır vəziyyət yaratmışdı. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev nəinki Azərbaycanı bir dövlət kimi məhvolmadan və müstəqilliyini yenidən itirməkdən xilas etdi, eyni zamanda böhrandan qurtarmasının və gələcək inkişaf yollarının müəyyənləşdirilməsinin də təməlini qoydu. “Əsrin müqaviləsi” neft kontraktının imzalanması Azərbaycanın Avropanın karbohidrogen ehtiyatları ilə etibarlı təminatı, dünyanın aparıcı dövlətlərinin ölkəyə güclü xarici investisiya yatırması və dünyaya sürətli inteqrasiyası probleminin həllinə dəyərli töhfə oldu. Eyni zamanda neft sənayesi iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynayaraq onların böhrandan inkişaf yoluna çıxarılmasına kömək etdi.
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra iqtisadi sahədə qazanılan uğurlar daha da artdı. Son on iki ildə Azərbaycan dünya üzrə ən yüksək artım tempinə, ÜDM istehsalındakı nəticələrə görə rekord göstəricilərə nail oldu. Ölkənin paytaxtı Bakı, habelə regionlarımız tikinti, quruculuq və abadlıq meydanına çevrildi, insanların əməkhaqları qat-qat yüksəldi, real gəlirləri artdı, bütövlükdə insanların sosial rifahı yaxşılaşdı. Müstəqil Azərbaycan modern dövlətə, bölgənin liderinə çevrildi.
Müxtəlif sahələrdə qazanılan uğurların ümumi inkişafa xidmətini təmin edən amil isə artıq dünyada tanınaraq maraqla öyrənilən İnkişafın Azərbaycan Modeli oldu. Bu modeli formalaşdıran başlıca xüsusiyyət isə, Prezidentin sözləri ilə desək, “dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması”dır. İnkişafın Azərbaycan Modelində “neftsiz dövr”ə hazırlıq da nəzərdə tutulur və buna uyğun addımlar atılırdı. Lakin siyasi amillər nəticəsində dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi nəticəsində “neftsiz dövr”ü on beş il tez yaşamalı olduq. Həmin hazırlıq işləri və qabaqlayıcı tədbirlər hazırda bütün dünyada yaşanan böhranın ölkəmiz üçün daha ağrısız keçməsinə imkan yaradır. Əslində, iqtisadi və maliyyə böhranı İnkişafın Azərbaycan Modeli üçün də bir sınaqdır. Çox xoşdur ki, bu model özünün mütəhərrikliyi, proseslərə çevik reaksiya vermək qabiliyyəti ilə bütün situasiyalarda həyatiliyini sübut edir. Məhz bunun nəticəsidir ki, bizə məxsus model böhran şəraitində də inkişafı təmin edir. Doğrudur, il ərzində neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ümumi daxili məhsul istehsalında bir qədər azalmaya səbəb olub. Ancaq sevindirici hal odur ki, iqtisadiyyatın əsas sahələrində, sənaye və kənd təsərrüfatında artım baş verib.



Rəqəmlərə nəzər salaq:
* sənaye istehsalı 0,6 faiz artıb;
* kənd təsərrüfatında artım 3 faizdən çox olub;
* bütövlükdə qeyri-neft sənayesi 2,4 faiz yüksəlib;
* ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub;
* ilin 6 ayında 78 min daimi iş yeri açılıb (bağlanan iş yerlərini nəzərə alsaq, artım 50 min yeni iş yeridir);
* gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıqdır;
* vergi orqanlarında yığım plandan 2 faiz çox olub;
* ölkə üzrə maaşlar və pensiyalar 10 faiz qaldırılıb;
* bütün sosial layihələrin icrası davam etdirilib;
* zərurət yarandıqda Prezidentin Ehtiyat Fondundan müxtəlif məsələlərin həlli üçün lazımi vəsait ayrılıb.


Dövlət başçısı tərəfindən qarşıya belə bir vəzifə qoyulub:
“Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq".



Daha bir mühüm vəzifə:
idxaldan asılılığı aradan qaldırmaq, ixrac potensialını artırmaq


Artıq uzun illərdir ki, ölkədə müasir sənayenin yaradılması istiqamətində düşünülmüş və məqsədyönlü iş aparılır. Sovet dövründən miras qalan sənaye müəssisələri heç nəyə yaramadı. Əvvəla, təkcə fiziki yox, mənəvi cəhətdən də köhnəlmişdi. İkincisi, həmin müəssisələrdə istehsal olunan məhsulların bazarı keçmiş SSRİ məkanındakı müttəfiq respublikalarda olduğundan və qırmızı imperiyanın çöküşü ilə əlaqədar iqtisadi əlaqələr qırıldığından itirilmişdi. Ən nəhayət, köhnə texnologiyalar əsasında istehsal olunan məhsullarla dünya bazarına çıxmaq mümkün deyildi. Odur ki, təkcə ölkə paytaxtında deyil, respublikanın digər iri şəhərlərində də sənayenin inkişafı ilə bağlı zəruri addımlar atılırdı.
Dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin yarımilliyin yekunlarına həsr olunmuş yığıncağında bu barədə də ətraflı danışdı, idxal və ixracla bağlı qarşıda duran vəzifələrə aydınlıq gətirdi:
“İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır".
Artıq neçə ildir ki, Sumqayıt şəhərində sənaye parkının yaradılması sahəsində uğurlu addımlar atılıb. Həmin parkda ən müasir texnologiyaya əsaslanan avadanlıqlar qurulmuş, istehsal prosesində avtomatlaşdırma maksimum həddə çatdırılmış, kompüter texnologiyasının imkanlarından geniş istifadə edilmiş, nəticədə bir çox məhsul növünün istehsalı üzrə yüksək keyfiyyətə nail olunmuşdur. İndi həmin məhsullar ölkədə tələbatı qarşılamaqla yanaşı, idxalın azalmasına da imkan yaratmışdır. Sumqayıt Kimya Sənaye Parkına yatırılan 700 milyon dollardan çox sərmayə özünü doğrultmaqdadır. Burada azot gübrələri zavodunun istismara verilməsi də planlaşdırılır. Dövlət başçısı özəl sektorun da bu sahədə fəaliyyətə başlamasının məqsədəuyğunluğunu qeyd etdi. Bu, həm dövlət, həm də sahibkarlar üçün əlverişlidir. Artıq Gəncə, Mingəçevir şəhərlərinin keçmiş sənaye şöhrətlərinin geri qaytarılmasına da başlanılmışdır. Məsələn, Mingəçevir şəhərində yüngül sənaye sahəsinin yenidən dirçəldilməsi burada işsizlik probleminin həllinə, eyni zamanda hazırlıqlı kadrların qüvvəsindən səmərəli istifadəyə imkan verəcəkdir. Neftçala, Masallı rayonlarında da sənaye zonası yaradılmaqdadır. Şübhəsiz, bütün bunlar qeyri-neft sektorunun, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.
Ölkənin enerji və nəqliyyat təhlükəsizliyi təmin olunduqdan sonra ərzaq təhlükəsizliyinin təmini məsələsi də irəli sürülmüş və bu sahədə əhəmiyyətli uğurlar qazanılmışdır. “Neftsiz dövr”ə keçidlə əlaqədar olaraq bu vəzifə bir qədər də genişləndirilmişdir. Hazırda söhbət təkcə ərzaq təhlükəsizliyinin təminindən getmir. Kənd təsərrüfatı məhsullarının ixracı və bu yolla ölkəyə qeyri-neft sektorundan valyuta gətirilməsinin də vacibliyi aktuallaşmışdır. Azərbaycanda ənənəvi olaraq becərilən, xarici bazarda asan reallaşan (indi bazar tapılması da mühüm problemlər sırasındadır) məhsul növləri də bəllidir: pambıq, barama, tütün, fındıq. Sovet dönəmində bu məhsullar ölkəmizdə də geniş istehsal olunur, xarici bazarlara çıxarılırdı. Doğrudur, götürülən valyuta gəliri “ümumittifaq fonduna” gedirdi. Amma bu sahə ilə məşğul olan Azərbaycan kəndlisi də xeyli qazanır, güzəranını yaxşılaşdırırdı. İndi həmin sahənin mütəxəssisləri, lazımi səriştəsi və təcrübəsi olanlardan yaşayanları da çoxdur. Elə isə niyə təzədən həmin sahələr dirçəldilməsin, müstəqil dövlətimizə də fayda gətirməsin!
Artıq dövlət tərəfindən pambıq, barama, tütün və fındıq istehsalının artırılmasına kifayət qədər diqqət və vəsait ayrılmaqdadır, eyni zamanda, sahə ilə məşğul olanların problemləri qarşılanır. İlkin nəticələr də görünməkdədir. Məsələn, əgər keçən il təkcə bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilmişdisə, bu il 25 rayonda 70 ton barama tədarük olundu. Bu hesaba kənd əməkçiləri 450 min manat qazanaraq ailə büdcələrinə əlavə etdilər. Yaxud ötən illə müqayisədə 1.100 hektar çox - 2.500 hektarda tütün becərilmişdir. Keçən ildəkindən 70 min ton artıq - 100 min ton pambıq istehsalı gözlənilir. Ölkəmiz fındıq istehsalında dünya üzrə 3-cü, 4-cü yeri tutur. Bu sahənin də potensialı çoxdur.
Qeyri-neft sektorunun inkişafından digər gözləntimiz isə bir sıra məhsul istehsalını artırmaq və qaydaya salmaqla ölkəyə məxsus valyutanın xaricə çıxarılmasının qarşısının alınmasıdır. Belə ki, hər il xaricdən yüz minlərlə ton taxıl gətirilir. İstifadəsiz qalan torpaqları (artıq onların siyahısı və sahibləri müəyyənləşdirilmişdir) əkin dövriyyəsinə qatmaq, toxumçuluğun və aqrotexniki xidmətin yaxşılaşdırılması hesabına hektarın məhsuldarlığını yüksəltməklə bu sahədə xaricdən asılılığı aradan qaldırmaq olar. Yaxud, dərman preparatlarının ölkəyə gətirilməsi hesabına il ərzində milyonlarla dollar vəsait xaricə çıxarılır. Halbuki özümüzdə bir çox dərmanların istehsalını yoluna qoya bilərik və bununla bağlı zəruri tədbirlər görülməkdədir. Bir zamanlar laqeydlik və səriştəsizlik ucbatından böyük itkilərə məruz qalan çayçılığın yenidən inkişafı ilə həm idxala görə valyuta xərcinin qarşısının alınmasına, həm daha keyfiyyətli və ətirli çay yarpağı istehsalına, həm də yeni iş yerlərinin açılmasına nail olmaq mümkündür. Görülən tədbirlər öz səmərəsini verməkdədir.
Uğurların davamlı olması və daha da artması üçün zəruri islahatların aparılması da labüddür. Prezident İlham Əliyev ölkənin maliyyə bank sektorunda, vergi və gömrük sahəsindəki islahatlardan, habelə sənaye və kənd təsərrüfatında həyata keçirilən yeniliklərdən də danışdı, islahatların davamlı olacağını bildirdi.
Mövcud vəziyyətin təhlili, habelə statistik rəqəmlər göstərir ki, ümumdünya iqtisadi və maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yeni relslər üzərinə keçmədə uğurlara nail olmuşdur. Bütövlükdə 2016-cı ilin ötən dövründə xeyli iş görülmüş, gələcək müvəffəqiyyətlərə təməl yaradılmışdır. Məqsəd Azərbaycan vətəndaşını daha yaxşı yaşatmaq, iqtisadiyyatın davamlı və artımlı inkişafını təmin etməkdir.



Xalqla iqtidarın birliyi, düşünülmüş siyasət və aparılan islahatlar qarşıda duran vəzifələrin uğurla həyata keçiriləcəyinə zərrə qədər də şübhə doğurmur.

 



Bəxtiyar SADIQOV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !