Sona Vəliyeva: - "Bu ömür görüş yerimiz"

Sona Vəliyeva: "Bu ömür görüş yerimiz"

"Bu ömür görüş yerimiz"


Bu ömür görüş yerimiz,
Görüşdük mən,atam, anam.
Mən orda səs idim, rəngdim,
Yerdə adam aldanmışam.


Bəzən də yaddır buralar,
Ağaclar, dənizlər, çaylar.
Dedilər yerdədir doğmalar,
Gəlib gördüm tək qalmışam.


Bu nə yoldu yerdə min-min
Hansın gedim, hansın seçim?
Sevgi niyyət, Tanrı zikrim,
Eşq oduna qalanmışam.


Zamana ömür borcluyam,
Həm savablı, həm suçluyam.
Dünyanın iki ucuyam
Bilməm harda dayanmışam.


Gətirən, ötürən dünyada
Ayrılıq bitirən dünyada,
Tək bircə sətirəm dünyada
Yazan yazıb, yazılmışam.


Görmədən sevən, seçən mən
Eşqi boyuna biçən mən,
Tanrını sevdim, gedəcəm
Yol üstündə dayanmışam.

 


Sona Vəliyeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !