Lənkəran Heydər Əliyev parkında konsert proqramı təşkil olundu - FOTO

Lənkəran Heydər Əliyev parkında konsert proqramı təşkil olundu FOTO

Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi yeni vüsət almışdır. Bununla əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlər planı üzrə işlər davam etdirilir. Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları təkcə iyun ayında 67 klub 100-dən çox musiqili, əyləncəli, mədəni kütləvi tədbir keçirmişdir. Bu mədəni-kütləvi tədbirlərin əksəriyyəti istirahət mərkəz­lə­rində baş tutmuşdur. Lənkəran klub müəssisələri buradakı “Palıdlı sahil”, “4 fəsil”, “Dalğa”, “Xan Lənkə­ran”, ”Qafqaz” və “Xəzər-Palas” istirahət mərkəzlərinə tez-tez qonaq gedir.

Növbəti konsert Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə iyulun 6-da Lənkəran Heydər Əliyev xatirə parkında təşkil olundu. Konsertə rayonda olan xarici turistlər də iştirak etdilər. Konsert proqramını Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli açaraq respublikada turizmin inkişaf etdirilməsi sahəsində görülən işlərdən və Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin keçirdiyi tədbirlərdən danışdı.

Sonra konsert proqramı davam etdirildi. Mədəniyyət işçilərindən Ətayə Şəfiyeva, Nurlan Ziyadoğlu, Elşən Əsgərov, Mehman Heydərov,Qurban Nəzərov, Məta­nət Babayeva, Qoşqar Məmmədli, Əli Hüseynov, Günay Rzayeva, Əhməd Kərimov, Rəhim Hüseynov, Xalid və Cavid Dadaşov qardaşları , Elgün Əlizadə, skripka ustası İlqar Əliyev, klarnetçalan İlqar Tahiroğlu, saz ustası Məmməd Nəsirli biri-birindən maraqlı və xoş duyğular oyadan şən mahnılar ifa etdilər. Mədəniyyət Mərkəzinin bədii qiraət ustaları Fatimə Mirzəzadə və Zümral Məmmədova konsertin mövzusuna aid şeirlər söylədilər. Mədəniyyət Mərkəzinin “Çölləmə” və Girdəni Diyarşünaslıq Evinin “Vənəşə” rəqs ansambllarının ifa etdiyi gözəl rəqslər də konsertə əlavə rəng qatdı. Konsertə toplanmış minə yaxın tamaşaçının sürəkli alqışları, xüsusən də balacaların hər ifaya qoşulub rəqs etməsi bayram əhvalını yüksəldirdi. Üç saata yaxın davam edən konsert böyük atəşfəşanlıqla başa çatdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !