Azərbaycan Dillər Universitetinin 10 tələbəsi Çində təhsil aldı -

Azərbaycan Dillər Universitetinin 10 tələbəsi Çində təhsil aldı

İyulun 12-də Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov 2015-2016-cı tədris ilində təhsilini ali təhsil müəssisəsi hesabına Çin Xalq Respublikasının (ÇXR) Şenyan Pedaqoji Universitetində davam edib vətənə qayıdan Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbəsi ilə görüşdü. Universitetin Konfutsi İnstitutunda baş tutan görüşdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov və tələbələrin valideynləri iştirak edirdi.
Görüşdə professor Dünyamin Yunusov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar sahədə çoxtərəfli əməkdaşlığın əsasının ümummilli lider Heydər Əliyevin Çinə etdiyi tarixi səfər zamanı yaradıldığını vurğuladı. Universitetdə Çin dilinin tədrisində, ölkənin tanıdılmasında, mədəniyyətinin daha geniş təbliğ olunmasında Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətini daha da genişləndirərək Konfutsi İnstitutunun yaradılmasından söhbət açan D.Yunusov ADU-da çinli mütəxəssislərinin tez-tez qonaq olduğunu bildirdi. Dünyanın bir çox ölkəsində səfərdə olarkən azərbaycanlı gənclərlə görüşdüyünü deyən professor D.Yunusov ADU tələbələri ilə fəxr etdiyini dilə gətirdi. O, çıxışının sonunda tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda Çində təhsil alan tələbələr yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər. Çin dilini öyrənmək üçün ÇXR-da yaşamaq, orada təhsil almaq və bu ölkədə təhsil alan gənclərlə əlaqələr yaradaraq bu dildə danışıq bacarıqlarını inkişaf etdirmək imkanı əldə etdikləri üçün özlərini şanslı hesab edən tələbələr onlara verilən etimadı doğruldacaqlarına söz verdilər. Təəssüratlarını bölüşən tələbələr təhsil aldıqları Şenyan Pedaqoji Universitetində onlar üçün yüksək səviyyədə şəraitin yaradıldığını, çoxlu sayda dostlar qazandıqlarını qeyd etdilər. Görüşdə, o cümlədən tələbələrin valideynləri yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !