Lənkəranda ölkə gəncləri üçün həyata keçirilən layihəyə yekun vuruldu - FOTO

Lənkəranda ölkə gəncləri üçün həyata keçirilən layihəyə yekun vuruldu FOTO

Məlum olduğu kimi, cari ilin may ayının 5-dən etibarən Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən “İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihənin məqsədi insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə, gənc qızların, eləcə də potensial qurbanların (məsələn, erkən nikahın iştirakçıları və s.) və digər risk qruplarının (yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 05 may – 05 avqust 2016-cı il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkə üzrə 18 yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Bakı, Füzuli, Gəncə, Goranboy, Xanlar, Laçın, Lerik, Lənkəran, Neftçala, Oğuz, Salyan, Sumqayıt, Şirvan, Şuşa, Ucar, Yardımlı) seçilən 18-29 yaş arası 26 nəfər gənc (13 nəfər qız və 13 nəfər oğlan) üçün Lənkəranda yerləşən AB Qala otelində 25-27 iyun tarixlərində 3 günlük təlim kursları keçirilmişdir. Təlim kursunda iştirak edən gənclərə sertifikatlar və zəruri informasiya vasitələri (insan alveri və qanunsuz miqrasiya barədə müvafiq bukletlər) verilmişdir. Bununla yanaşı təlim kursunda iştirak edən gənclərlə qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi cənab Cavidan Hüseynov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 33 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, Göyçay, Xanlar, Qazax, Qəbələ, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Salyan, Samux, Sumqayıt, Şəki, Şirvan, Şuşa, Tovuz, Ucar, Yardımlı) 83 nəfər gənc ərizəçi (42 oğlan və 41 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri (13 oğlan və 13 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !