Azərbaycan Dillər Universitetində Məzun günü keçirildi - FOTO

Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirildi FOTO

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2015-2016-cı tədris ilində universitetin bakalavr və magistr pilləsində təhsillərini bitirən tələbələrin “Məzun günü” keçirildi.
Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, universitetin professor-müəllim heyəti və tələbələr, onların valideynləri iştirak edirdi.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğuladı, universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat verdi. O, məzunlara ADU-nun tələbəsi olduqları üçün fəxr etməli olduqlarını söylədi. ADU-nun ölkənin ən prioritet universitetlərindən biri olduğunu deyən D.Yunusov məzunların sorağının respublikanın aparıcı müəssisələrindən, həmçinin xarici ölkələrdən gəldiyini qeyd etdi. Universitetin ildən-ilə yeniliklərə imza atdığını, inkişaf etdiyini deyən professor bu yaxınlarda ADU-nun tərkibində Konfutsi İnstitutunun yaradıldığını sözlərinə əlavə etdi. Dünyamin Yunusov məzunları təbrik etdi, onlara təhsillərini davam etdirməyi tövsiyyə edərək gələcək həyatlarında uğurlar arzuladı.
Daha sonra övladları məzun olan Firrədin Mehdiyev, həmçinin universiteti fərqlənmə diplomu ilə bitirən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin fəxri məzunu Coşqun Dadaşov çıxış edərək tələbələrin şəxsiyyət kimi formalaşmasında böyük rolu olan ADU rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.
Sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov fərqlənmə diplomlarını məzunlara təqdim etdi.
Tədbir konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, 2015-2016-cı il tədris ilində Azərbaycan Dillər Universitetindən ümumilikdə, təhsilin bakalavr pilləsi üzrə əyani bölmədə 1439 nəfər, qiyabi bölmədə 66 nəfər, həmçinin magistratura pilləsi üzrə 141 nəfər tələbə məzun oldu. ADU-nu təhsilin bakalavr pilləsi üzrə 86 nəfər tələbə təhsillərini fərqlənmə diplomu ilə başa vurdu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !