Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olundu -

Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olundu

İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində “Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının rolu” adlı elmi tələbə seminarı keçirildi.
Seminarda Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı onun Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafına qarşılıqlı maraq olduğunu söylədiyini vurğuladı.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Ülkər Əliyeva Yaxın Şərqdə Çinin iqtisadi siyasətinin xüsusiyyətləri haqqında danışdı.
Seminarda çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri öz məruzələrində Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasəti, iki dövlət arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində partiyaların rolu, “İpək Yolu iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək Yolu” layihələrini birləşdirən mədəni, elmi və tələbə mübadiləsinin genişləndirilməsinə yönəlmiş “Bir Kəmər, Bir Yol” konsepsiyasının məqsədləri haqqında məlumat verdilər.
Digər çıxışçılar Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutunun Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olmaq məqsədi daşıması ilə yanaşı “Bir Kəmər, Bir Yol” konsepsiyasının həyata keçirilməsinin elmi-tədqiqat işlərinin aparılmasına töhfə verəcəyini bildirdilər.
Seminarda Çin Xalq Respublikasının (ÇXP) Azərbaycandakı səfirliyinin Siyasi məsələlər üzrə müşaviri Li Tszin Sonq və müşavirin katibi Sya Fan, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova da iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !