ADU-nun dosenti Beynəlxalq Konfransda iştirak edib -

ADU-nun dosenti Beynəlxalq Konfransda iştirak edib

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) II Xarici dil kafedrasının dosenti Zülfinaz Babaşova Varşava Universitetinin, Rusistika İnstitutunun təşkilatçılığı, “Rus dünyası” fondu, həmçinin Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində “Avropa və dünyanın dil və mədəni məkanında rus dili: İnsan. Şüur. Kommunikasiya. İnternet” mövzusunda keçirilən VII Beynəlxalq konfransda iştirak edib.
30 ölkədən 200-dən çox rusistin iştirak etdiyi konfransda ADU-nun dosenti Zülfinaz Babaşova “Azərbaycan – rus ikidillilik şəraitində intonasiya interferensiyası” mövzusunda təqdimatla çıxış edib.
Bölmə iclasları rus dilinin elm və onun tədrisi metodikasının ən aktual məsələlərini əhatə edən 11 elmi istiqamət üzrə aparılıb. Məruzələrdə müasir rus leksikoqrafiyası və lüğətlərin yaradılmasının texnologiyası, həmçinin “rus dili biznes və təhsil məkanında” probleminə böyük diqqət ayrılıb. Bir sıra məruzələrdə rus dilində tədrisin təlim mühiti və vasitəsi kimi distant təlim və internet məsələləri müzakirə olunub.
Bununla yanaşı konfrans çərçivəsində iştirakçılara “Şifahi ünsiyyətin tədris sistemində İnternet”, “Rus dili xarici dil kimi” dərslərində teatrın təhsil funksiyası – real həyatın elementləri” mövzularında master–klass dərsləri keçirilib.
Qeyd edək ki, konfrans mayın 5-dən 9-na kimi davam edib. ADU-nun dosenti Zülfinaz Babaşovaya “Avropa və dünyanın dil və mədəni məkanı haqqında” mövzusunda müzakirələrdə iştirakını təsdiqləyən sertifikat təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !