Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu açıldı - FOTO

Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu açıldı FOTO

 İyunun 24-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) ADU ilə əməkdaşlığı çərçivəsində Konfutsi İnstitutunun açılış mərasimi keçirildi.
Açılış mərasimindən öncə çinli nümayəndələri qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları universitetdə görməkdən şad olduğunu bildirdi. Professor Dünyamin Yunusov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, fəaliyyət istiqamətləri və dil mərkəzləri haqqında onlara geniş məlumat verdi.
Səmimi qəbula görə təşəkkür edən Xucjou Universitetinin rektoru Çjan Litsin ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. Rəhbərlik etdiyi Xucjou Universitetinin tarixi, tədris prosesi barədə danışan Çjan Litsin ADU-da Konfutsi İnstitutunun yaranmasının tərəflər üçün faydalı olacağını dedi.
Görüşdə iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov məzunu olduğu Dillər Universitetində qonaq qismində iştirak etməyin onun üçün sevindirici hal olduğunu vurğuladı. O, ADU-da Konfutsi İnstitutunun açılışını yüksək qiymətləndirdi.
Görüş zamanı ADU-da Konfutsi İnstitutunun açılışı ilə bağlı razılaşma da imzalandı.
Rəsmi qəbuldan sonra tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov mərasimdə iştirak edən hər kəsi ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, universitetdə Konfutsi İnstitutunun açılmasının Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə və iki ölkə arasında humanitar əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd etdi. Professor ÇXR-in Xucjou Universiteti və ADU arasında imzalanmış müqaviləyə əsasən fəaliyyətə başlayan Konfutsi İnstitutuna yüksək ixtisaslı Çin dili mütəxəssislərinin gələcəyini, həmçinin Dillər Universitetinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Çində təcrübə keçəcəyini vurğuladı.
Sonra Konfutsi İnstitutlarının Qərargahının direktoru Sü Linin təbrik məktubu oxundu. Məktubda dünyada Çin dili və mədəniyyətinin təbliğ edilməsi, Konfutsi institutlarının və onların şəbəkəsinin əhəmiyyəti, “Çin dili körpü” beynəlxalq Çin dili müsabiqəsinin təşkili qeyd olunurdu, eyni zamanda ADU-nun Konfutsi İnstitutunun Çin dili müəllimləri və istedadlı çinşünas tələbələr hazırlanmasına, o cümlədən Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafına layiqli töhfə verəcəyinə ümid edildiyi bildirildi.
Xucjou Universitetinin beynəlxalq əməkdaşlıq inkişafı barədə danışan Xucjou Universitetinin rektoru Çjan Litsin ADU-da Konfutsi İnstitutunun açılmasının Azərbaycan ictimaiyyəti üçün faydalı olacağına, o cümlədən Çinin qədim tarixi və unikal mədəniyyəti ilə yaxından tanış ola biləcəklərinə əminliyini ifadə etdi.
Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li ADU-da Konfutsi İnstitutunun açılmasını Azərbaycan-Çin əməkdaşlığının inkişafında, xüsusilə təhsil sahəsində mühüm hadisə kimi qiymətləndirdi. O, Konfutsi İnstitutunun Çin və Azərbaycan xalqları arasında humanitar körpü kimi əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirdi.
Tədbirdə çıxış edən ADU-nun Azərbaycan tərəfinin Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Dİllər Universitetinin Çin dili və Mədəniyyət Mərkəzinin əsasında Konfutsi İnstitutu yaradıldığını və onun ümumi təhsil və mədəni-maarif fəaliyyəti barədə məlumat verdi. O, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan, Azərbaycan və Çin dillərində çapdan çıxmış, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2013 illər)” kitabı haqqında danışaraq onun məhz mərkəz tərəfindən hazırlanaraq nəşr olunduğunu bildirdi. Eyni zamanda Rafiq Abbasov Azərbaycan tarixində ilk milli Çin dili dərsliyi haqqında məlumat verdi.
Mərasimin sonunda nəfəsli musiqi alətləri ilə “Dağlarında Buludlar”, Çin milli ansamblının lirik seriyasına aid “Gusaya gəzinti” adlı ənənəvi melodiyalar musiqisi səsləndirildi. Çinli qonaqlar öz ölkələrinə xas olan xəttatlıq sənəti və “Uşu” ənənəvi Çin gimnastika elementləri nümayiş etdirdilər.
Daha sonra ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbələri bədii proqramla çıxış etdilər. “Böyük Çin”, “Jasmin”, “Sarı gəlin” Çin və Azərbaycan xalq mahnıları Çin dilində səsləndirildi, ənənəvi rəqslər ifa edildi, “Tszipao” Çin milli qadın geyimləri nümayiş olundu. Tədbirdə keçirilən çay mərasimində müxtəlif üslublarla hazırlanmış fərdi çay növləri qonaqlara təqdim edildi.
Qeyd edək ki, tədbirdə Xanban Avrasiya Departamentinin direktoru Şao Süybo, ADU-nun Konfutsi İnstitutunun Çin tərəfinin direktoru Li Tszixua, Xucjou Universitetinin nümayəndə heyəti, Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin ADU-nun professor-müəllim və tələbələri iştirak edirdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !