Füzulidə son beş ildə bütün sahələrdə uğurlu nəticələr əldə edilib - FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə son beş ildə bütün sahələrdə uğurlu nəticələr əldə edilib FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikamızın bölgələrində olduğu kimi Füzuli rayonunda da bütün sahələrdə inkişafa nail olunmuş, geniş tikinti-quruculuq abadlıq işləri aparılmışdır. Respublikamızda həyata keçirilən dövlət proqramları şəhərlərin, qəsəbələrin, kəndlərin simasını dəyişmişdir. Bu dəyişiklikləri cəbhə bölgəsində yerləşən Füzuli rayonunun timsalında da aydın görmək olar. Son 5 ildə Prezident cənab İlham Əliyevin Füzuliyə 2 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 5 Sərəncam imzalaması rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrinin simasını tamamilə dəyişmiş, hazırda rayonun mərkəzi sayılan Horadiz gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilmişdir.
Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Son beş ildə rayonun strateji məhsul olan taxılçılıqla bağlı nəticələri uğurlu olmuşdur. Belə ki, rayonda son beş ildə 600 min tondan artıq taxıl istehsal olunmuş, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlmişdir.
Rayonda taxılçılıqla yanaşı digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 500 ha sahədə pambıq əkilmişdir. Növbəti ildə isə bu rəqəmin 1500 hektara çatdırılması planlaşdırılır. İşğaldan sonra bu il rayonda ilk dəfə barama istehsalına başlanılıb və 4 tona yaxın barama istehsal olunub. Növbəti ildə bu rəqəmin 10 tona çatdırılması nəzərdə tutulub. Rayonun kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi, o cümlədən ərazidə 10 ha ərazidə istixana kompleksinin tikintisi davam etdirilir.
Sahibkarlara, iş adamlarına yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Füzuli rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrdə son beş ildə böyük tikinti quruculuq abadlıq işləri aparılmış, yeni müasir tələblərə cavab verən infrastruktur obyektləri tikilərək istifadəyə verilmişdir. Horadiz şəhərində və digər yaşayış məntəqələrində son beş ildə görülən işlərə diqqət yetirsək bunun əyani şahidi olarıq. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin 2012-ci il dekabrın 15-də rayona səfəri zamanı Horadiz şəhərində Mədəniyyət evininin, Dram teatrının, Şahmat Məktəbinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, 2 №-li tam orta məktəb binasının, YAP rayon təşkilatının inzibati binasının, Heydər Əliyev parkının, Horadiz Dəmir Yol Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. 2013-cü ildə rayon Polis şöbəsi, Təhsil şöbəsi, DTX-nin rayon şöbəsi üçün inzibati binalar tikilərək istifadəyə verilmişdir. Prezident cənab İlham Əliyevin 2014-cü il avqustun 28-də Füzuliyə səfəri zamanı isə Horadiz şəhərində Bayraq meydanının, Boulinq zalının, tikiş fabrikinin, rayon İcra Hakimiyyətinin inzibati binasının, Uşaq bağçasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal binanın, Qəhrəmanlar Parkının, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak etmişdir.
Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə yenidən bərpa olunaraq istifadəyə verilmiş, işğal zamanı yandırılmış və dağıdılmış bir küçənin yenidən qurma işləri sürətlə davam etdirilir. Şəhərdə geniş yaşıllıq zolaqları salınmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar salınmışdır. Ölkə başçısı Horadizi cənnətə bənzədərək Ermənistanın paytaxtı ilə müqayisə etmişdir.
Ölkə başçısının Sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulmuşdur. Rayon ərazisində 60 km-ə yaxın yolların bərpası işləri başa çatdırılmışdır. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kmdən artıq olan yolun tikintisi davam etdirilir.
Dövlət proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Füzuli respublikada yüz faiz qazla təmin olunan yeganə rayonlardan biridir.
Rayonda tikinti-quruculuq abadlıq işləri davam etdirilir. 2016-cı ildə rayon Statistika İdarəsi və rayon kənd təsərrüfatı idarələri üçün inzibati binalar tikilərək istifadəyə verilmişdir. Hazırda Horadiz şəhərində Heydər Əliyev Fondunun hesabına Rəsm Qalareyisası üçün binanın, Avtovağzal kompleksinin tikintisi davam etdirilir. Rayon ərazisində 400 ailəlik yeni qəsəbənin inşası isə başa çatmaq üzrədir.
Ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları dövlət tərəfindən həyata keçirilir. Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 55 min nəfər füzulili məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır.
Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir. Təkcə son 5 ildə Fond Füzulidə 4 iri layihə həyata keçirmişdir. 2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yerlik məktəb binası, 2014-cü ildə Horadiz şəhərində 100 çarpayılıq uşaq bağçası, Tarix-Diyarşünaslıq Muzeyi, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evi tikilərək istifadəyə verilmişdir.
Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Artıq Füzuliyə gələn hər bir qonaq burada müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin şahidi olur, insanların xoş günlərinə sevinirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !