Masallı Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməli qoyulub - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməli qoyulub FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Azərbaycanda müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində bu sistem xeyli təkmilləşib, yeni məhkəmələr yaradılıb.
Bu sahədə Dünya Bankı ilə birgə uğurlu layihələr həyata keçirilərək 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib. Qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər tikilərək istifadəyə verilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən redaksiyam;za bildiriblər ki, layihə çərçivəsində habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində iyunun 14-də - Milli Qurtuluş Günü ərəfəsində Masallı Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə hakimlər, məsul ədliyyə işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçıları Masallı Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olduqdan sonra binanın təməli qoyulub.
Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımız və dövlətimiz qarşısındakı şərəfli xilaskarlıq missiyasından, ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs edib, Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb.
Nazir ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. F.Məmmədov dahi rəhbərin humanizm siyasətinin uğurla həyata keçirilərək ötən ay Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş dördüncü amnistiyanın, habelə iqtisadi sahədə cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyətindən və əhəmiyyətindən danışaraq qarşıda mühüm vəzifələrin dayandığını söyləyib.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yeni tikilən məhkəmələrdə, o cümlədən Masallı Rayon Məhkəməsində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, “elektron məhkəmə” informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb.
Bildirilib ki, rayon məhkəməsi üçün yeni binanın inşası qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcək, məhkəmələrə çatımlığı asanlaşdıracaq.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri Masallıda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub. Nazir hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb.
Həmin gün Ədliyyə Nazirliyində Milli Qurtuluş Günü münasibətilə yığıncaq keçirilib, ulu öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub. Həmçinin bu əlamətdar bayrama həsr olunmuş xüsusi stend hazırlanıb, kinozalda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilib.

 

 

AZpress.AZ -ın müxbiri
Əlihüseyn Şükürov,
MASALLI.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !