Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihəyə start verildi -

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihəyə start verildi

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir!” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6700 (altı min yeddi yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsildən yayınma, ailədaxili zorakılığın, boşanmaların, körpə və ana ölümü hallarının artmasına səbəb olan erkən nikahlara qarşı mübarizəni gücləndirmək, habelə cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaqdan ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 25 nəfər gənc üçün erkən nikahlar mövzusunda Lənkəranda yerləşən AB Qala otelində 15-17 iyul tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Təlim kurslarında iştirak edən gənclərə sertifikatlar veriləcəkdir. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 06 avqust 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (Sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 03 iyul 2016-cı il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:
[email protected]
Əlavə edək ki, 3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !