Sona Vəliyeva: - SƏNİ YOLA SALDIM

Sona Vəliyeva: SƏNİ YOLA SALDIM

SƏNİ YOLA SALDIM


Bir kimsə qəlbimi ovuda bilməz,
Səni yola saldım, tənhayam bu gün.
Bir belə doğmanın içində, Allah,
İnsan tək olarmış belə büsbütün.


Belə həsrətləri az çəkməmişəm,
Belə tanhalıq da heç vaxt olmayıb.
Deyirəm dünyada sevgiylə dözüm,
Yaxşı ki ikisi əkiz doğulub.


Bu gündən ümidim yollar, məktublar,
Yanında olacaq yarı canım da.
Sənə çətin olsa, bircə telimi,
Simurq tükü elə, hazıram orda.


Bu gündən gecələr qanad açaram,
Birbaşa uçaram elə sənəcən.
Bu gündən ayların günləri uzun,
Bir əsr yol gələr gülüm, sənəcən.


Bu elə sevgi ki, elə tale ki,
Vüsalı bəxtindən uzaqdır bir az.
Yüz Sənəm həsrəti, Qərib dərdlisi,
Yığılsa bu günü mənə tay olmaz.


Səni yola saldım, sakit, səirsiz,
Siqaret çıxardım, içim alışdı.
Qəlbindən keçəni, nə çəkdiyini,
Gözlərin astaca mənə danışdı.


Məndən uzaqlara yol gedər sevgim,
Ürəyi mənimlə olacaq hər an.
Bir sevgi duası, bir qız duası,
Onu qoruyacaq eşqdən, bəladan.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !