İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndələri ADU-da -

İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndələri ADU-da

İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Mahyudin Mansyur Mantenin başçılıq etdiyi nümayəndə heyətiAzərbaycan Dillər Universitetində (ADU) oldu. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara ətraflı məlumat verdi. Universitetin yaranma tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında danışan professor D.Yunusov Azərbaycan Dillər Universitetinin bir çox istiqamətlər, o cümlədən müxtəlif dillər üzrə kadrlar hazırladığını sözlərinə əlavə etdi. Universitetdə mövcud olan dil mərkəzləri haqqında danışan professor İndoneziya Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Professor Dünyamin Yunusov tələbələrin İndoneziya dilinə böyük maraq göstərdiyini qeyd etdi, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında 40 nəfər tələbənin təhsil aldığını bildirdi.
ADU-da olmaqdan şad olduğunu dilə gətirən nümayəndə heyətinin rəhbəri Mahyudin Mansyur Manten səmimi qəbula görə təşəkkür etdi. O, bu işgüzar səfərin dostluq məqsədi daşıdığını qeyd etdi. İndoneziya Respublikasının Xalq Məşvərət Məclisi haqqında danışan Mahyudin Mansyur Manten məclisin 692 millət vəkilindən ibarət olduğunu vurğuladı. O, ADU-da İndoneziya Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Qonaq digər sahələrlə yanaşı, təhsil sahəsindəki əməkdaşlıq nəticəsində ölkələrarası əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparıldı.
Sonra qonaq universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova hədiyyə təqdim etdi.
Görüşdən sonra qonaqlar Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşdü. Görüşdə qonaqlar tələbələri maraqlandıran sualları cavablandırdılar.
Qeyd edək ki, görüşdə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie də iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !