Azərbaycanda bütün vizaların alınması prosesi vahid portal vasitəsilə həyata keçiriləcək -

Azərbaycanda bütün vizaların alınması prosesi vahid portal vasitəsilə həyata keçiriləcək

Azərbaycan Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanına əsasən ölkəmizdə bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

İnam Kərimov deyib: “Son illər Azərbaycanın turizm potensialı, xarici vətəndaşların ölkəmizə marağı artmaqdadır. Bu məqsədlə son illər vizaların sadələşdirilməsi ilə bağlı mühüm tədbirlər görülüb. Lakin bununla belə vizaların verilməsi işinin daha da sadələşdirilməsi zərurəti ortaya çıxıb. Məhz bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Yəni, xarici vətəndaşlar, turistlər ölkəmizə səfər etmək istədikdə vahid “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da həmin portal vasitəsilə elektron formada alacaqlar. Heç bir dövlət qurumuna və ya özəl təşkilata müraciət etmədən onlayn qaydada vizanı əldə etmək mümkün olacaq. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək”.

Sədr vurğulayıb ki, Fərmana əsasən Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək. Yalnız bu ölkələrin vətəndaşları bu xidmətdən yararlana biləcəklər. Əlbəttə ki, digər viza alma prosedurları da öz qüvvəsində qalır. Elektron vizaların verilməsi prosesinə ən qısa müddətdə başlanılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !