ADU-da universitetin Çərçivədən kənar jurnalının təqdimatı keçirildi -

ADU-da universitetin “Çərçivədən kənar” jurnalının təqdimatı keçirildi

İyunun 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə tərtib olunan “Çərçivədən kənar” jurnalının təqdimatı keçirildi.
Tədbirdə fakültə dekanları, dil və mədəniyyət mərkəzlərinin əməkdaşları, universitetin müəllim-tələbə heyəti, həmçinin müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ölkənin digər ali təhsil müəssisələrinin Beynəlxalq şöbələrinin əməkdaşları iştirak edirdi.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, “Çərçivədən kənar” jurnalının baş redaktoru, professor Jalə Qəribova vahid ideya ətrafında birləşərək standartdan kənar fikirlər toplusunu tələbələrə çatdırmaq məqsədilə həyata keçirilən layihə haqqında fikirlərini bildirdi. Azərbaycanda müxtəlif sahələr üzrə islahatlar aparıldığını deyən professor onların uğurla həyata keçirilməsində jurnalın da bir vasitə olduğunu diqqətə çatdırdı. Jurnalda xarici ölkə universitetlərində tələbə həyatı, yerli tələbələrin xarici təhsildən gözləntiləri barədə məlumatların əks olunduğunu bildirən J.Qəribova bunun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Beynəlxalq şöbənin əməkdaşı, jurnalın redaktoru Qaratel Quluzadə şöbənin strukturu və fəaliyyəti haqqında məlumat verdikdən sonra jurnalın adının seçilməsi, məqsədi, jurnalın içindəkilər, jurnalın üzərində çalışan heyət, “Thinking outside the box” konsepti haqqında təqdimatla çıxış etdi.
Skandinaviya mərkəzinin baş mütəxəssisi, layihənin rəhbəri Vüsalə Əfəndiyeva layihə və jurnal haqqında ümumi məlumat verərək jurnalı dərc etmək ideyası, tələbələr üçün əhəmiyyəti, ADU-nun beynəlxalq əməkdaşlıq layihələri, əldə olunan nəticələr, yeni layihələr, Norveç universitetləri ilə əməkdaşlıq, jurnalda Norveç tarixi, təbiəti, Şimal mifologiyasına həsr olunmuş məqalələrin yer alması səbəbləri barədə danışdı.
ADU-nun Norveç dili müəllimi Nigar Abdulkərimova jurnalın maraq dairəsi, tədqiqat işləri, məqalələr, geniş oxucu kütləsi haqqında danışdı.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasının 2014-cü il məzunu İlahə Abaslı fikir platforması, xaricdə təhsil, təcrübə mübadiləsi, netvorkinq və sosial kapital, akademik, analitik, araşdırma və sual etmə bacarıqları haqqında məlumat verdi.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasının 449-cu qrup tələbəsi Elnurə Ağayeva ASAN xidmətlə əməkdaşlıq çərçivəsində universitetdə həyata keçirilən “Yaşıl ASAN” layihəsi, həmçinin təkrar emal haqqında danışdı.
Sonda işlənmiş kağızların təkrar istehsalı üçün universitetin mərtəbələrində yerləşdirilən qutular haqqında universitetdaxili sorğunun əks olunduğu videoçarx nümayiş olundu.
Qeyd edək ki, “Çərçivədən kənar” jurnalının baş redaktoru professor Jalə Qəribova, redaktorları Vüsalə Əfəndiyeva, Qaratel Quluzadə və Aytən Məmmədovadır. Jurnalın ərsəyə gəlməsində məqsəd mərkəzlərarası əməkdaşlığı genişləndirmək, mərkəzlərin fəaliyyətini işıqlandırmaq, tələbə və müəllimlərin yazıları üçün platforma yaratmaq, beynəlxalq şöbənin fəaliyyətinə töhfə vermək, təbiətin qorunmasına dair layihələri həyata keçirməkdən ibarətdir. Jurnala sitatlar, sorğular, müsahibələr, tələbə və müəllimlərin yazıları, həmçinin “Təbiəti qoruyaq” səhifəsi daxildir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !