Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıqları Füzulidə uğurla icra olunur - FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıqları Füzulidə uğurla icra olunur FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqlar Füzuli rayonunda uğurla icra olunur. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Belə ki, 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35818 ha ərazidə taxıl əkilmişdir ki, bu da 2015–ci ilə nisbətən 4134 ha artıdır. Bunun da 23895 hektarı buğda, 11923 hektarı isə arpadır. Havaların əlverişli keçməsi və əkin sahələrinə normal aqrotexniki qulluq edilməsi bu il taxıl sahələrindən bol məhsul götürüləcəyinə əminlik yaradır.
Aqrar rayon olan Füzulidə taxılçılıqla yanaşı digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 500 ha sahədə pambıq bitkisi əkilmişdir. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən də müsbət qarşılanıb. Pambıqçılıq və baramaçılıq 70-80-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzülə uğrayan pambıqçılıq və baramaçılığın uzun fasilədən sonra bu il bərpa edilməsi, hazırda bazarda 1 kq pambığın qiymətinin 50-55 qəpik, 1 kq baramanın qiymətinin isə 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Rayonun işğaldan azad olunmuş ərazisinə bu il 1820 qr və ya 90 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. Bu il rayonda 4 tondan artıq barama istehsal olunması nəzərdə tutulub. Rayonda təcrübəli pambıqçıların və baramaçıların olması, bu sahələrin gəlirli olması onu deməyə əsas verir ki, Füzulidə gələcəkdə daha çox pambıq və barama istehsal olunacaq, əhalinin məşğulluğu ənənəvi təsərrüfat sahələri hesabına təmin ediləcəkdir.
Rayonda bostan-tərəvəz məhsullarının yetişdirilməsi də xüsusi diqqətdə saxlanılan sahələrdəndir. Belə ki, cari ildə 1194 ha sahədə bostan-tərəvəz (456 ha bostan, 698 ha tərəvəz) bitkisi, 141 ha sahədə isə kartof əkilmişdir. Əhali ilə aparılan təbliğat, maarifləndirmə işlərinin nəticəsində rayon sakinləri həyatyani və pay torpaqlarından səmərəli istifadə edərək özlərinin kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəyirlər. Artıq indidən rayonda məhsul bolluğu yaranıb. Kəndlilər istehsal etdiyi artıq məhsulları daxili bazarlarla yanaşı respublikanın digər şəhər və rayonlarındakı bazarlara çıxararaq ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.
Əhalinin pambıqçılıq və baramaçılığa olan xüsusi marağını, onların məşğulluğunu həmin sahənin hesabına təmin olunmasını nəzərə alaraq 2016-2017-ci təsərrüfat ili üçün elə indidən hazırlıq işlərinə başlanılmış, bu sahənin mütəxəssiləri ilə məsləhətləşmələr aparılmış və nəzərdə tutulmuşdur ki, rayonda 1500 ha sahədə pambıq əkilməsinə, 10 tondan artıq barama istehsal olunmasına, 2000 ha sahədə bostan-tərəvəz məhsulları yetişdirilməsinə nail olunsun. Baramaçılığın inkişafı üçün 20000 çəkil tingi əkilsin.
Pambıqçılığı və baramaçılığı inkişaf etdirmək, Füzulinin paçbıqçılıq və baramaçılıqla bağlı keçmiş şöhrətini özünə qaytarmaq üçün rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin və aidiyyəti təşkilatların nümayəndələri ilə birgə əhali arasında mütəmadi olaraq təbliğat, maarifləndirmə işləri aparılır. Füzulili məcburi köçkünlər ölkə başçısının yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunması ilə bağlı təşəbbüsünü birmənalı dəstəkləyir, rayonun kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvvəlki şöhrətinin geri qaytarılacağına söz verirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !