Aslan Aslanov: - İnnovasiyalı texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb (VİDEO)

Aslan Aslanov: İnnovasiyalı texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb (VİDEO)

Müasir dövrdə innovasiyalı texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb.

Bu sözləri mayın 23-də Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası ilə bağlı jurnalistlərə müsahibəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib.

Baş direktor diqqətə çatdırdı ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının bu gün keçirilən iclasında 2016-cı il noyabrın 16-17-də Bakıda AZƏRTAC-ın ev sahibliyi edəcəyi Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunur. Şura üzvləri Konqresin proqramını, çıxışçıların siyahısını, Konqres çərçivəsində təşkil olunacaq fotomüsabiqənin şərtlərini müzakirə ediblər.

AZƏRTAC-ın baş direktoru bildirib ki, Bakı Konqresində əsasən informasiya sahəsində dünya mediasını düşündürən qlobal məsələlər müzakirə olunacaq. Bu müzakirələrin əsasını ilk növbədə sosial media ilə ənənəvi media arasındakı münasibətlər məsələsi təşkil edəcək. Konqresdə iştirak edəcək dünya mediasının görkəmli nümayəndələri qarşıda duran problemlərdən çıxış yollarını araşdıracaqlar.

İnnovasiyalı texnologiyanın sürətli inkişafının informasiya agentlikləri üçün çox ciddi problemlər yaratdığını vurğulayan A.Aslanov dedi: “İnsanlar özləri sosial medianın imkanlarından istifadə edərək daha asan, daha sürətlə xəbərləşirlər və bu da ənənəvi media qarşısında ciddi problemlər yaradır. Bu problemlərdən çıxış yollarının tapılması Dünya Xəbər Agentliklərinin Bakıda keçiriləcək V Konqresinin müzakirə mövzusu olacaq”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !