ADU-da pedaqoji təcrübənin yekun konfransı keçirildi -

ADU-da pedaqoji təcrübənin yekun konfransı keçirildi

23 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika fakültələrinin 2015-2016-cı tədris ilində Bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr olunan konfrans keçirildi. Konfransda ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, universitet üzrə Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov, eləcə də pedaqoji təcrübədən qayıdan tələbələr iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatında əlamətdar hadisə olduğunu söyləyərək onları təbrik etdi və gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.
Öz növbəsində pedaqoji təcrübədən qayıdan tələbələr də təcrübə müddətində əldə etdikləri nailiyyətlər barədə çıxış etdilər, onlara bu müddət ərzində dəstək olan universitet rəhbərliyinə, dekanlıqlara və təhkim olunduqları pedaqoji təcrübə rəhbərlərinə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Nəsimi rayonu 35 saylı tam orta məktəb üzrə Metodbirləşmənin rəhbəri Sədaqət Məmmədova da pedaqoji təcrübədə olan tələbələri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Pedaqoji təcrübənin hər bir tələbənin pedaqoq kimi fəaliyyətində əvəzedilməz rolu olacağını da qeyd etdi.
Qeyd edək ki, Pedaqoji (ingilis dili və fransız dili) fakültədən ümumilikdə 789 nəfər tələbə, Pedaqoji (ingilis dili və alman dili) fakültədən əyani şöbədə 18 nəfər, qiyabi şöbədə isə 47 nəfər tələbə, Filologiya və Jurnalistika fakültəsindən ümumilikdə 89 nəfər tələbə pedaqoji təcrübədə iştirak edib. Təcrübə əyani şöbədə 2016-cı ilin fevralın 16-dan mayın 24-dək olan tarixləri əhatə etməklə 14, qiyabi şöbədə 2016-cı ilin fevralın 16-dan martın 28-dək olan tarixləri əhatə etməklə 5 həftə davam etib. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 60 orta ümumtəhsil məktəblərində təcrübə keçiblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !