ADU-da görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir keçirildi -

ADU-da görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir keçirildi

20 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Tarix” klubunun təşkilatçılığı ilə dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir keçirildi.
ADU-da görkəmli tarixi şəxsiyyətlərə həsr olunmuş tədbirlərin mütəmadi keçirildiyini qeyd edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev bu görüşün də onlardan biri olduğunu bildirdi. Azərbaycanın görkəmli şəxsiyyətlərinin saysız olduğunu bildirən prorektor siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətində göstərdiyi mübarizlikdən danışdı, onun Azərbaycan xalqının fəxri olduğunu vurğuladı.
Tədbirdə iştirak edən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, ictimai xadimdən bəhs edən ensiklopediyanın və bir sıra kitabların müəllifi Nəsiman Yaqublu, tarixçi Sevda Süleymanova Məhəmməd Əmin Rəsulzadənin tərcümələri, çətin dövrdə dövlətin yaranmasında göstərdiyi fədakarlıq və şücaəti, xalqın istiqlala çatdırılmasındakı rolu, Vətən sevgisi, bağlılıqdan bəhs etdilər, həmçinin siyasətçi haqqında tarixi faktları, statistik məlumatları diqqətə çatdırdılar.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !