ADU-da Sağlam həyat tərzi anlayışı adlı viktorina keçirildi -

ADU-da “Sağlam həyat tərzi anlayışı” adlı viktorina keçirildi


19 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Sağlam həyat tərzi anlayışı” adlı viktorina keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova, Regional Psixologiya mərkəzinin psixoloqu Mehriban Qafarova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Leyla Eyvazova və Qadir Qurbanlı iştirak edirdi.
Açılış nitqi ilə çıxış edən Sədaqət Musayeva qonaqları salamlayaraq “Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir” layihəsi çərçivəsində təşkil olunan tədbirin keçirilməsində əsas məqsədin tələbə gənclərin diqqətini sağlam həyat tərzinin müxtəlif cəhətlərinə yönəltmək olduğunu vurğuladı.
Daha sonra tədbirin aparıcısı, şərhçi, İctimai Televiziyanın əməkdaşı Tural Dadaşov viktorinada iştirak edən komandaları şərtlər ilə tanış etdi. İki yarımfinaldan ibarət viktorinada altı komanda iştirak edirdi. Ən çox səs toplamış və finalda iştirak etməyə vəsiqə qazanmış “Alfa”, “Valerian”, “Hippokrat” və “Evrika” komandaları birinci, ikinci və üçüncü yer uğrunda yarışdılar. Viktorinanın sonunda “Alfa” birinci, “Hippokrat” ikinci və “Valerian” komandası üçüncü yerə layiq görüldülər, sertifikatlarla təltif olundular.
Viktorinanın digər tədbirlərdən fərqləndiyini deyən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev bunun tələbələr üçün faydalı olduğunu bildirdi. O, viktorinanı yüksək qiymətləndirərək tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !