ADU tələbələrindən universitetin məzunlarına vida hədiyyəsi - FOTO

ADU tələbələrindən universitetin məzunlarına vida hədiyyəsi FOTO

19 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin təşəbbüsü, həmin fakültənin tələbələri Aytən Kamandarlı və Mirsani Eminovun təşkilatçılığı ilə bu il universiteti bitirəcək tələbələrə vida tədbiri keçirildi. Fakültənin I, II və III kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev, fakültə dekanları, kafedra müdirləri və digər rəhbər şəxslər iştirak edirdi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov çıxışında insanın həyatında sevimli günlərin sayının çox olduğunu söylədi. Universiteti bitirməyə sayılı günlərin qaldığını deyən professor gəncliyimizlə fəxr etdiyini dilə gətirdi. ADU-nun məzunu olan gənclərin gələcək həyatlarında yüksək vəzifələrdə çalışdıqlarını deyən D.Yunusov tələbələrə uğurlar arzuladı, onlara biliklərini daim artırmağı, özlərini inkişaf etdirməyi tövsiyyə etdi.
Tədbirdə bəstəkar-müğənni Murad Arif mahnı ilə öz töhfəsini verdi, tələbə Aida Qocayeva “Mirrors” mahnısını oxudu, tələbələrin ifasında “Vals” və “Mixed dance” rəqsləri nümayiş olundu. Universiteti bu il bitirəcək tələbələrin “Təhsil aldığınız 4 ildə universitet sizə nə verdi?” sualına cavablarından ibarət videoçarx nümayiş olundu.
Tədbirdə təhsil aldıqları müddətdə tədrisdə və ictimai həyatda fəallıqları ilə seçilən tələbələr universitet rektorunun əmrinə əsasən təşəkkürnaməyə layiq görüldülər.
Məzun olacaq tələbələr tələbəlik illəri haqqında xatirələrini bölüşdükdən sonra tələbə Çoşğun Dadaşovun pianoda müşayiəti ilə tələbə Nəzifə Quluzadə “Tələbə” mahnısını ifa etdi.
Tələbə Amil Heydərov “I love you Xarici dillər” repini ifa etdikdən sonra qonaqların iştirakı ilə tort kəsildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !