Bərdə tarixin aynasında mövzusunda tədbir keçirilmişdir - FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“Bərdə tarixin aynasında” mövzusunda tədbir keçirilmişdir FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

18 may 2016-cı il tarixdə Bərdə rayon Təhsil şöbəsinin akt zalında Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Bərdə tarixin aynasında” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə rayonun məktəblərinin gənc tarix, coğrafiya fənləri müəllimləri, fəal gənclər və şagirdlər iştirak etmişlər.
Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri, Respublikanın Əməkdar Müəllimi Rzaqulu Şərifov açaraq mövzu ilə bağlı məlumat verdi və qeyd etdi ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azərbaycan həm də ulu tarixə malik şəhərlər diyarıdır. Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş, dahi Nizaminin vəsf etdiyi Bərdədir. Bərdə orta əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən olmuşdur.Qədim Bərdəmizin tarixini bilmək isə, hər bir yeniyetmə və gənc üçün vacibdir.
Akademik Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin tarix fənni müəllimi Könül Kazımova qədim Bərdənin tarixi barədə, şəhər 8 saylı və B.Məmmədov adına Yeni Əyricə kənd tam orta məktəblərinin coğrafiya fənni müəllimləri Sevinc Məmmədova və Fəxriyyə Süleymanova çıxış edərək Bərdənin tarixi və coğrafi mövqeyi barədə geniş və ətraflı məlumat verdilər (mövzu ilə bağlı hazırlanmış videoçarxlardan və videoslaydlardan istifadə olunmuşdur).Çıxışlarda qeyd olundu ki, Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və latın mənbələrində – Strabonun coğrafi təsvirində, Ptolomeyin “Coğrafiya dərsliyi”ndə, Böyük Pliniyin “Təbiət tarixi”ndə rast gəlinir. Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı Bərdə ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar verir. Albaniyaya aid həmin təbii-coğrafi təsvirlər, şərhlər qədim Bərdə ərazisinin təbii-coğrafi şəraiti və eyni zamanda təbiətinin özünəməxsus xüsusiyyətləri haqqında ümumi nəticə çıxarmağa imkan verir. Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və əsas inkişaf xüsusiyyətləri, şəhərin quruluşu, ictimai həyatı, hərbi-strateji mövqeyi, inzibati-idarə üsulu, sənətkarlıq və ticarəti, mədəniyyəti, xarici əlaqələri və şəhər həyatı ilə bağlı digər məsələlər tarix elmimiz üçün vacib, habelə mühüm elmi axtarışlar tələb edən məsələlərdir.
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışında Bərdə şəhərinin dünyanın ən qədim insan məskənlərindən olan Azıx yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər çayları arasında salınmasından, mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr əsasında aparılmış tədqiqatların Bərdənin çoxəsrlik və zəngin tarixə malik olması qənaətinə gəlməsinə imkan verməsindən danışdı.O,qeyd etdi ki, Cənubi Qafqazda, qədim və beynəlxalq ticarət yollarının kəsişdiyi yerdə yaranaraq inkişaf etmiş Bərdə şəhəri Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bərdə orta əsrlərdə, mənbələrin dili ilə desək, “Arranın anası” olmuşdur.Sonra A.Qasımov belə tədbirlərin yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsində əvəzsiz rolu olmasını xüsusilə vurğuladı.
T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri hazırladıqları musiqi kompozisiyasını iştirakçılara təqdim etdilər.
Tədbirə Təhsil şöbəsinin müdiri,Respublikanın Əməkdar Müəllimi R.Şərifov yekun vuraraq qeyd etdi ki,tarixi irsimizi,milli-mənəvi dəyərlərimizi böyüməkdə olan gənc nəslə çatdırmaq və sevdirmək, şagirdlərin bu sahəyə aid bilgilərini artırmaq bizim hər birimizin müqəddəs borcudur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !