Füzulidə baramaçılıq bərpa olunur - FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə baramaçılıq bərpa olunur FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada baramaçılığın inkişafına dair tapşırıqlarının icrası Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən müsbət qarşılanıb. Baramaçılıq 70-80-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzülə uğrayan baramaçılığın uzun fasilədən sonra bu il bərpa edilməsi, hazırda bazarda 1 kq baramanın qiymətinin 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.
Rayonun işğaldan azad olunmuş ərazisinə bu il 1820 qr və ya 90 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. Böyük Bəhmənli, Əhmədbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd kəndlərində çəkil ağaclarının müəyyən hissəsinin qorunub saxlanılması, ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır.
Rayonun Böyük Bəhmənli kənd sakini Həsən Zeynalov deyir ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə bizim zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük.”
Baramaçılıqla məşğul olan digər sakinlər də qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !