ADU-da Amerika Günləri Festivalı nın açılış mərasimi keçirildi - FOTO

ADU-da “Amerika Günləri Festivalı”nın açılış mərasimi keçirildi FOTO

14 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Amerika mədəniyyətinin müxtəlifliyinə həsr olunan və bir həftə ərzində davam edəcək 2016-cı il “Amerika Günləri Festivalı”nın rəsmi açılış mərasimi keçirildi.
İlk öncə tədbirdə Azərbaycan və Amerikanın dövlət himnləri səsləndirildi.
Tədbirdə “Amerika Günləri”nin məqsədinin Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirmək olduğu bildirildi. Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri,qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlərin nəzərdə tutulduğu da iştirakçıların diqqətinə çatdırılıdı.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları ADU-da görməkdən şad olduğunu bildirdi. O, səfirliklə birgə universitetdə tez-tez müxətlif bayramların, tədbirlərin keçirildiyini qeyd etdi. Professor Dünyamin Yunusov ADU-da Amerika mərkəzinin fəaliyyət göstərdiyini bildirdi və bu mərkəzdən amerikalı qonaqların, azərbaycanlı tələbələrin, eyni zamanda müəllimlərin də istifadə edə biləcəyini sözlərinə əlavə etdi. O, bu gün 13-21 May 2016-cı il tarixində keçiriləcək “Amerika Günləri Festivalı”nın ADU-da təşkil olunmasına şad olduğunu vurğuladı. Universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycanın multikultural ölkə olduğunu, hər il ölkəmizdə multikulturalizmə həsr olunmuş bir sıra konfransların keçirildiyini, müxtəlif ölkələrdən Azərbaycana qonaqların gəldiyini vurğuladı. O, Amerika Günləri Festivalının birgə əməkdaşlığa, ölkələrarası münasibətlərin inkişafına töhfə verəcəyinə ümid etdiyini dedi.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta çıxışında “Amerika Günləri Festivalı”nın rəsmi açılışında iştirak etməkdən məmnun olduğunu bildirdi. Tədbirin vacibliyindən danışan səfir festivalın iki ölkə arasında körpü rolunu oynadığını vurğuladı. O, tədbir iştirakçılarına “Amerika Günləri festivalı” çərçivəsində Amerika mədəniyyətinin bir çox sahələri ilə tanış ola biləcəklərini dedi.
İki hissədən ibarət olan tədbirin bədii hissəsində “Çovqan” və “Zirvə” rəqs qruplarının ifasında rəqslər və musiqi nömrələri nümayiş olundu.
Tədbir “Amerika Günləri” çərçivəsində “Amerikada mədəni müxtəliflik” mövzusunda olan əl işləri sərgisinə baxışla yekunlaşdı.
Qeyd edək ki, “Amerika Günləri Festivalı” Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Amerika bəstəkarları Corc Qerşvin və Leonard Bernşteynin musiqilərinin səsləndirilməsi ilə başlayacaq. Festival şənbə günü, 21 may tarixində saat 16:00-da Yaşıl Cafédə açıq havada konsert ilə yekunlaşacaq.
Bu ilki Amerika Günləri proqramına Broadway Bound musiqi teatrının, Amerikanın Silver City Bound Bluqras Qrupunun çıxışları, Company E ilə müasir rəqs, DJ CaveM və Alkemia-nın musiqi sədaları, Cim Törner və bizim ABŞ təhsilli məzunların birgə foto sərgisi, məşhur aşbaz Art Smit və Bakı Amerika Mərkəzinin zəngin proqramları daxildir. Hər bir tədbir Amerika mədəniyyətinin çoxşaxəliliyi üzrə fərqli nümunə təqdim edir, bu imkan Azərbaycanda 2016-cı ilin multikulturalizm ili kimi qeyd olunması çərçivəsində təmin edilir.

“Amerika Günləri”nə həsr olunmuş tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Filarmoniyası və Simfonik Orkestri, Dövlət Musiqi Teatrı, YARAT Müasir İncəsənət Məkanı, Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və müxtəlif yerli universitetlər ilə əməkdaşlıq çərçivəsində keçirilir. Regional tədbirlərə Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Lənkəran və Şəmkirdəki mədəniyyət oçaqlarında keçirilən çıxışlar daxildir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !