ADU-da Tanıdım layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirildi -

ADU-da “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirildi

13 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalovanın təşkilatçılığı ilə “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə növbəti görüş keçirildi. Layihənin əsas məqsədi ADU ilə Bakının orta məktəbləri arasında əlaqələri genişləndirmək, şagirdlərə universitet haqqında geniş məlumat vermək və gələcək ali təhsil məktəbləri üzrə seçimləri haqqında ilkin və daha doğru fikir formalaşdırmaqdır.
Görüşdə universitetin fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, Nizami rayonunda yerləşən 129 və 220 saylı orta məktəbləri təmsil edən müəllim və şagirdlər, həmçinin, adıçəkilən məktəblərdə hal-hazırda təcrübə keçən Pedaqoji (ingilis dili-alman dili) fakültənin, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri və təcrübə rəhbərləri iştirak edirdi.
Universitetin foyesində yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduqdan sonra məktəblilər 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin açıq muzeyi ilə tanış oldular.
ADU-nun Heydər Əliyev adına muzey lektoriyasında davam edən görüşdə dosent Sevinc Zeynalova şagirdləri universitetdə görməkdən məmnun olduğunu deyərək universitetin rəhbər şəxsləri və professor-müəllim heyətini onlarla tanış etdi. O, görüşün təşkilində dəstək olmuş və köməklik göstərmiş hər kəsə təşəkkürünü bildirdi.
Fakültə dekanları şagirdləri universitetdə görməkdən şad olduğunu bildirərək “Tanıdım” layihəsini yüksək qiymətləndirdilər. Görüşdə universitetdə gedən yeniliklərdən söz açıldı, fakültələrin fəaliyyəti, tələbələrin uğurları, onların universitet tərəfindən xarici ölkələrə təhsil almaq üçün göndərilməsi ilə bağlı məlumat verildi.
Görüşdə iştirak edən 129 və 220 saylı orta məktəblərin nümayəndələri universitetdə olmaqdan məmnunluqlarını dilə gətirdilər, dəvətə görə universitet rəhbərliyinə və təşəbbüskarlara minnətdarlıqlarını bildirdilər.
Daha sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, Çin dili mərkəzi, Yapon dili mərkəzi, Avstriya kitabxanası, İsrail və yaxın Şərq araşdırmalar mərkəzi ilə tanış oldular.
Sonda şagirdlərə hədiyyələr verildi, xatirə fotoşəkillər çəkdirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !