İnnovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması mövzusunda seminar keçirilib -

“İnnovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması” mövzusunda seminar keçirilib

Cari ilin 10-11 may tarixlərində Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycan Respublikasında innovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir. Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır: “Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində addım olaraq keçirilən bu seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edəcək və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq”.
ÜƏMT-nin İnnovasiya və Texnologiyaya Dəstək Bölməsinin direktoru Endryu Czajkovski Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.
Seminarda “İnnovasiyanın təşviqi: Dəstək İnnovasiyasında Patent İnformasiyasının faydası və dəyəri”, “Azərbaycanda innovasiyanı dəstəkləyən xidmətlər”, “ÜƏMT-nin Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri (TİDM) Proqramı”, “Axtarış vasitələri və strategiyaları” mövzularında məruzələr dinlənilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !