ADU-da Xarici dillərin tədrisinin aktual problemləri mövzusunda Respublika elmi-praktiki konfransı başa çatdı -

ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı başa çatdı

6 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” adlı ikigünlük Respublika elmi-praktiki konfransına yekun vuruldu.
Yekun iclasda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bu konfransın artıq 12 ildir davam etdiyini bildirərək bunun universitetin gündəlik işinə çevrildiyini söylədi. ADU-ya marağın artdığını bildirən Dünyamin Yunusov müzakirələrdə ali məktəblərlə yanaşı, orta məktəb nümayəndələrinin də fəal iştirak etməsini bunun bariz nümunəsi kimi qiymətləndirdi. Əvvəlki konfranslarla müqayisədə budəfəki konfransda böyük irəliləyişlərin olduğunu deyən Dünyamin Yunusov belə konfransların gələcəkdə daha da uğurlu olması üçün səmərəli fəaliyyətin vacibliyindən danışdı. O, xarici dillərin tədrisi ilə bağlı bölmələrdə qızğın və maraqlı diskussiyaların getdiyi ikigünlük konfransda iştirak edənlərin özünü zənginləşdirdiyini bildirərək onun faydasından bəhs etdi. Dünyamin Yunusov “Xarici dillərin tədrisinin aktual problemləri”nə həsr olunan Respublika elmi-praktiki konfransında bütün iştirakçıların məruzələrini əhatə edən kitabı əldə etməyin mümkünlüyündən danışdı. Konfransın işini yüksək qiymətləndirən Dünyamin Yunusov bölmə rəhbərləri başda olmaqla, hər kəsə təşəkkürünü bildirdi.
Sonra bölmə rəhbərləri konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər. Bildirdilər ki, bölmələrdə müzakirə edilən mövzular özünün aktuallığı ilə seçildi. Bütövlükdə iclaslarda edilən çıxışları qənaətbəxş adlandıran bölmə rəhbərləri orada səslənən qarşılıqlı polemikaları, fikir mübadilələrini müsbət xarakterizə etdilər. Bağlanış mərasimində iştirak edən digər çıxışçılar da xarici dillərin tədrisinin inkişafı baxımından oxşar konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyindən danışdılar.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənildi və yekun sənəd qəbul edildi, təkliflər səsləndirildi.
Qeyd edək ki, 30-a yaxın ali təhsil müəssisəsi və 10-dan çox orta məktəb müəlliminin məruzə ilə çıxış etdiyi konfransda “Xarici dillərin tədrisinin linqvodidaktik məsələləri”, “Pedaqogika və metodikanın aktual problemləri”, “Tərcümənin nəzəri və praktik məsələləri”, “Ədəbiyyatların qarşılıqlı təsiri və inkişaf problemləri” adlı 4 bölmə üzrə müxtəlif mövzularda 230-a yaxın məruzən dinlənilib və müzakirələr aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !