Lənkəran teatrı paytaxt tamaşaçıları qarşısında hesabat verib -

Lənkəran teatrı paytaxt tamaşaçıları qarşısında hesabat verib

Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda ikigünlük səfərdədir. Yaradıcı kollektiv mayın 4-də saat 19.00 radələrində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edib. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, onun müavinlərinin, nazirliyin əməkdaşlarının, teatr ictimaiyyəti nümayəndələrinin də izlədikləri tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdullayev, Gülər Kərimova və digərləri ifa ediblər.

Qeyd edək ki, Lənkəran teatrının truppası bu gün də eyni vaxtda Gənc Tamaşaçılar Teatrının səhnəsində paytaxt tamaşaçılarının qarşısına çıxacaq. Yaradıcı kollektiv bu dəfə Iran rejissoru Xeyrullah Təğiyənipurun quruluşunda iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını təqdim edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !