ADU-da Şuşasız 24 il adlı tədbir keçirildi -

ADU-da “Şuşasız 24 il” adlı tədbir keçirildi

4 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşəbbüsü, həmin kafedrada təcrübədə olan magistr tələbələrin təşkilatçılığı ilə “Şuşasız 24 il” adlı tədbir keçirildi.
Öncə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycanın elm və mədəniyyət ocağı olan Şuşanın işğalının 24-cü ildönümünə həsr olunduğunu bildirdi. O, Şuşanın mənfur ermənilər tərəfindən may ayının 8-də işğal olunduğunu diqqətə çatdıraraq həmin günlə bağlı xatirələrini iştirakçılarla bölüşdü. Şuşada törədilən erməni vəhşiliklərindən söz açan kafedra müdiri, onların şəhərə verilən içməli suyun tərkibinə zəhərli maddələr əlavə etməsindən, dinc xalqın üzərinə hərbi texnika yeritməsindən, günahsız sakinləri qətlə yetirməsindən, şəhəri məhv etməsindən bəhs etdi. Azərbaycanı Şuşasız təsəvvür etmək olmaz deyən M. Qazıyeva torpaqlarımızın hər qarışının geri qaytarılacağına əminliyini ifadə etdi, bu mənada gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyi vurğuladı. Çıxışının sonunda professor kafedraya təhkim olunmuş magistr tələbələrinin ictimai fəaliyyətini yüksək qiymətləndirərək tədbirin təşkilinə görə onlara təşəkkürünü bildirdi.
Tədbirdə Azərbaycanın mədəniyyət səlnaməsi Şuşanın zəngin təbiəti, memarlıq abidələri, elm və incəsənət aləminə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat verildi, şəhərin işğaldan öncə və sonrakı görüntüləri nümayiş olundu. Bundan başqa tədbirdə Şuşaya həsr edilən, o cümlədən ümumilikdə vətən həsrətindən bəhs edən mahnılar səsləndirildi, tələbələr tərəfindən şeirlər söylənildi.
Sonda çıxış edən Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında bu qəbildən olan görüşlərin rolunu xüsusi vurğuladı.
Qeyd edək ki, tədbirdə Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva da iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !