Məzahir Süleymanzadə: - "Bu qədər mətbuat xidmətinə ehtiyac varmı?"

Məzahir Süleymanzadə: "Bu qədər mətbuat xidmətinə ehtiyac varmı?"

Bəzən mənə elə gəlir ki, dövlət qurumlarında mətbuat xidmətləri vəzifəli şəxslərlə əhali, kütləvi informasiya vasitələri arasında əlaqə yaratmaq üçün yox, bu əlaqələrin qarşısını almaq üçün yaradılıb. Mətbuat xidmətinin rəhbəri vəzifəli şəxslə bizim aramıza çəkilmiş bir səddir, maneədir. Bəzi məmurlar onu qalxan eləyib arxasında gizlənirlər. Nazirləri, komitə sədrlərini, baş idarə rəhbərlərini qoyaq bir kənara, onların başı həmişə qarışıqdır, vaxtları yoxdur, ya müşavirədədirlər, ya da beynəlxalq konfransda. Hər bir dövlət qurumunda saysız - hesabsız, lazımlı - lazımsız şöbələr, departamentlər var. Bizim sualımız da birbaşa həmin şöbənin məşğul olduğu fəaliyyət sahəsi ilə bağlıdır. Hər xırda məsələ ilə bağlı nazir səviyyəsinə qalxmağa nə ehtiyac var? Dəstəyi qaldır, şöbə müdürünə zəng elə, sualını ver, cavabını al, ictimaiyyətə də ilk mənbədən doğru, düzgün, qərəzsiz informasiya çatdır.
Hə, bu başqa məsələ ki, Azərbaycanda heç bir şöbə müdirinin söz demək, fikir bildirmək, məşğul olduğu işlər barədə məlumat vermək səlahiyyəti yoxdur. Sözü, istər nazir olsun, istər icra başçısı, yalnız BİRİNCİ ŞƏXS deyə bilər. Bax, mətbuat xidmətlərinin əsas vəzifəsi də bunu təmin etməkdir. Ona görə ölkədə şayiələr baş alıb gedir, qəzetlər, saytlar da rəsmi mənbəyə yox, əməkdaşlarının avtobusda, metroda eşitdiklərinə əsasən xəbərlər yayırlar...
Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində, Xarici İşlər Nazirliyində, Fövqəladə Hallar Nazirliyində mətbuat xidmətinin olması zəruridir. Ədalət naminə söyləmək lazımdır ki, bu nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri vəzifələrinin öhtəsindən bacarıqla gəlirlər, daim ictimaiyyət nümayəndələri ilə təmasda olurlar. Amma ölkədə irili - xırdalı yüzlərlə təşkilatda mətbuat xidmətinə qətiyyən ehtiyac yoxdur. Ayda - ildə bir dəfə açıqlama vermək, nazirin, icra başçısının, idarə rəhbərinin mövqeyini müdafiə etmək, nöqsanları gizlətmək üçün yaradılan mətbuat xidmətinin nə faydası ola bilər? Sən bir işə bax ki, gündə televiziya ekranlarından düşməyən müğənnilərin, daşı daş üstə qoymağı bacarmayan, ədası yerə - göyə sığmayan iş adamlarının da mətbuat katibləri var...

 


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !