Binəqədi rayonunda Multikulturalizmin Azərbaycan modeli mövzusunda tədbir keçirilib -

Binəqədi rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

 Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nurlan Əzizov və Novruz Nuriyev, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəbin direktoru Sadəgül Həsənova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 Mart 2016-cı il tarixli müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, onun ehtiva etdiyi dəyərlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə dayanan bir həyat tərzidir.
Tədbirdə çıxış edən 135 saylı tam orta məktəbin direktoru Sadəgül Həsənova və digər natiqlər Azərbaycanın multikulturalizm modelinin sülh, qardaşlıq və birlik üçün çağırış olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !