Məzahir Süleymanzadə: - "Əflatun Amaşov insanlara qayğı göstərməyi, onların əməyini qiymətləndirməyi bacarır"

Məzahir Süleymanzadə: "Əflatun Amaşov insanlara qayğı göstərməyi, onların əməyini qiymətləndirməyi bacarır"

Əflatun Amaşovun deputatlığı ilə işim yoxdur, hərçənd ki, onun seçkiqabağı təbliğat görüşlərində iştirak etmişəm, indi də millət vəkili kimi fəaliyyətini izləyirəm...
Əflatun Amaşovun yaradıcılığı ilə də işim yoxdur, onunla bu yolda qırx il yanaşı addımlamışıq, o, AZƏRTAC - da, mən isə "Kommunist" qəzetində, eyni binada çalışmışıq, yollarımız tez - tez kəsişib...
Əflatun Amaşovun Moskva həyatından, tələbəlik illərindən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qoyduğu azərbaycanlı izindən də xəbərim var, mən Moskva İctimai Elmlər Akademiyasında təhsil alanda onun adını tez - tez eşidirdim...
Əflatun Amaşovun müstəqilliyimizin ilk illərində ictimai - siyasi fəallığı, sabit vətəndaşlıq mövqeyi, Ümummilli liderimiz Heydər Əliyevlə görüşləri də yaxşı yadımdadır...
Deputat da olmaq mümkündür, yüksək vəzifə kreslosunda da əyləşmək olar, jurnalist kimi bir neçə yazı ilə yaddaşlarda iz buraxmaq da çətin iş deyil. Etibarlı dost, səmimi insan olmaq, ölkəmizin ziyalı mühitində ab - havanı dəyişmək isə hamıya müyəssər olan məsələ deyil.
Artıq neçə ildir ki, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovla yol yoldaşıyıq, ara - sıra yığışıb səfərə çıxırıq. Yox, o nə məni, nə də Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovu özü ilə xarici səfərə aparan deyil. Səfərimiz elə Bakının bu küçəsindən o biri küçəsinə olur. Qəflətən tanınmış bir jurnalistin qapısını döyürük, ona elə bir sevinc bəxş edirik ki, fərəhindən qanadlanıb uçmaq istəyir. Əflatun Amaşovun gülümsər gözləri, xoş münasibəti qayğıya ehtiyac duyan ahıl həmkarımızın qəlbində ümid çırağı yandırır. Kimin adını çəkim? Şamil Şahməmmədov, Kazım Ələkbərov, Tamara Əliyeva, Yalçın Əlizadə, Mənsurə Mənsurova, Telman Qarayev, Svetlana Nəcəfova, Rafiq Həsənov, Bəhram İbrahimov, Əli Qafarov, Şakir Yaqubov...Onların hər biri Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan adamlardır. Bu yaşda millət vəkili Əflatun Amaşovun əlindən Mətbuat Şurasının diplomunu almaq, özü də bu sevinci öz evində, ailə üzvlərinin gözü qarşısında yaşamaq əsl səadətdir. Veteran həmkarlarımızın, ustad jurnalistlərimizin əvəzinə biz də sevinirik. Ən çox sevinən isə, şübhəsiz, Əflatun Amaşov olur. Biz onun ahıl jurnalistləri bağrına basaraq dəfələrlə kövrəldiyinin şahidi olmuşuq. Əflatun Amaşov insanlara qayğı göstərməyi, onların əməyini qiymətləndirməyi bacarır. Onun təşəbbüsü ilə neçə ahıl jurnalistin yubileyi keçirilib, kitabının təqdimat mərasimi təşkil edilib. Bu gün Yusif Kərimov başda olmaqla Ahıl Jurnalistlər Məclisinin bütün üzvlərinin arzusunu ifadə edərək deyirəm: - Ad gününüz mübarək, Əflatun müəllim, Siz bizi sevdiyiniz kimi, biz də həmişə adınızı hörmətlə çəkirik. Bu xoş gündə Sizə ən xoş arzularımızı bildiririk!

 


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !