Ağdam. 5 fraqment filminin təqdimatı olub - FOTO

“Ağdam. 5 fraqment” filminin təqdimatı olub FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin aprelin 21-də təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə filmin yaradıcı heyəti, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.

“Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri, filmin rejissoru Mişel İvor mərasimdə çıxış edərək ideyanın ərsəyə gəlməsi haqqında məlumat verib və filmin hazırlanmasına göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.

Daha sonra film nümayiş etdirilib. Filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam şəhərindən olan və məcburi köçkün həyatını yaşayan 5 nəfərin təəssüratları və xatirələri yer alıb. Eyni zamanda, Ağdam şəhərinin qədim abidələri, təbiəti, müharibədən əvvəlki və işğaldan sonrakı vəziyyətinə dair kadrlar da filmdə əksini tapıb.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin ustalıqla çəkildiyini söyləyib. Bildirib ki, bu ekran əsərinə baxan hər kəs təsirlənər. Çünki burada insan taleyindən, müasir dövrümüzdə bir qrup insanın başına gətirilən müsibətlərdən bəhs olunur. Filmdə Ağdam şəhərinin panoramı da əks etdirilib. Orada memarlıq üslubu qorunmaqla salınan bir şəhərin tamamilə viran olduğu göstərilir. Biz XXI əsrdə yaşayırıq. Bu gün dünya liderləri o şəhərin niyə sakinlərsiz qalmasına, o evlərin niyə dağıdılmasına münasibət bildirməlidirlər. Əgər dünya ictimaiyyəti vaxtında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə obyektiv və ədalətli münasibət bildirsəydi, analoji münaqişə ocaqlarının sayı artmazdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev filmin yaradıcı heyətinin əməyinin yüksək qiymətləndirildiyini söyləyib. O bildirib ki, filmdə müsahib olan 5 nəfərin timsalında 1 milyondan çox azərbaycanlının acınacaqlı taleyindən bəhs olunur. Dünya ictimaiyyəti buna göz yummamalıdır.

Şura sədri İŞİD-in Palmira şəhərində törətdiyi vandallığın belə Ermənistanın Ağdamda həyata keçirdiklərinin yanında “humanist” göründüyünü vurğulayıb. Çünki Palmiranın müəyyən hissəsi qalsa da, Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib. O, Ağdamın 2008-ci ildə “Lonely Planet” jurnalında “Qafqaz Hiroşiması”, 2010-cu ildə isə “Əl-Cəzirə” televiziyasının internet saytında “ruhlar şəhəri” adlandırıldığını xatırladıb: “Hər iki yanaşma Ağdamın faciəsinin miqyasını tamamilə adekvat, doğru-dürüst şəkildə ifadə edir. Ancaq biz əminik ki, haqq-ədalət tezliklə bərpa olunacaq. Necə ki, Hiroşima yenidən qurulub-yaradılıb, eləcə də Ağdam şəhəri işğaldan azad olunacaq və Azərbaycanın mədəni, ictimai, siyasi həyatında oynadığı əvvəlki rolunu bərpa edəcək. O zaman Ağdam şəhərində nigaran dolaşan şəhid ruhları da rahatlıq tapacaq”.

Qeyd edilib ki, filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma şəhərlərindən məhrum olan, maddi-mənəvi cəhətdən ağır itkilərə məruz qalan köçkünlərdə heç bir nifrət hissi sezilmir. Onlar sadəcə doğma torpaqlarına qayıtmaq istəyirlər. Film əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm addımdır.

Sonda filmin rejissoru Mişel İvor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanı ilə təltif olunub.

Xatırladaq ki, fevralın 11-də Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilən film yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !